Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “İran hakimiyyəti Paşinyan hökumətindən ciddi narazıdır” başlıqlı məqaləsində yazıb.
Nəşr xatırladıb ki, müharibə başlayandan yalnız 2 gün sonra Paşinyan İranın ali dini liderinin vəfatı ilə bağlı başsağlığı vermişdi.
“Baxmayaraq ki, yeni dini lider təyin ediləndən dərhal sonra onu təbrik etmişdi, mənbələrimizin məlumatına görə, İran hakimiyyətində Paşinyanın davranışı ilə bağlı ciddi narazılıq var. Ermənistan müharibədə neytrallıq saxlayır və regionun digər ölkələrindən fərqli olaraq İrana yardım göndərməkdən imtina edir.
Xatırladaq ki, martın 10-da Azərbaycan İrana 10 ton un, 6 ton düyü, 4 ton içməli su, çay və 2 ton dərman göndərmişdi. Bu yardım İlham Əliyev ilə Məsud Pezeşkian arasında telefon danışığından sonra göndərilmişdi. Üstəlik, Naxçıvanda İranın pilotsuz uçuş aparatı zərbəsindən sonra problemlər yaranmışdı. Martın 12-də isə Rusiyanın Fövqəladə Hallar Nazirliyi nəqliyyat təyyarəsi ilə Azərbaycana humanitar yardım çatdırmışdı ki, bu yardım İrana ötürülsün. 13 ton dərman İran hökumətinin nümayəndələrinə təhvil verilmiş və avtomobillərlə İrana göndərilmişdi”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, İranın Ermənistandakı səfiri Xəlil Şirğolami İranın Ermənistan hakimiyyəti ilə əlaqədə olduğunu və həm humanitar, həm də vətəndaşların daşınması məsələsində çoxsaylı dəstək aldıqlarını bildirsə də, əslində bu, sadəcə diplomatik ifadədir.
“Ermənistan indiyədək heç bir yardım göndərməyib, baxmayaraq ki, mənbəmizin sözlərinə görə, bu barədə danışıqlar və təkliflər olub. Hər halda, müharibədən sonra İran hakimiyyəti heç bir qonşunun davranışını unutmayacaq və Ermənistan hakimiyyətinə də etdiklərini xatırladacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az