Ermənistanda artan risklər: Pensiyaların artırılmasından pensiyaçıya nə qalacaq?

2026/03/1773561771.jpg
Oxunub: 373     12:05     15 Mart 2026    
“Hökumət pensiyaçıları seçkilərdən 3 ay əvvəl 10 min dram artırmaqla “razı salmağa” tələsdiyi bir vaxtda, inflyasiya pensiyaların artımının təsirini neytrallaşdırmaq təhlükəsi yaradır. Son dövrlərdə Ermənistanda inflyasiya nəzərəçarpacaq dərəcədə aktivləşib. Bir sıra regional və daxili amillərlə əlaqədar olaraq bahalaşma riskləri də artıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Artan risklər: Pensiyaların artırılmasından pensiyaçıya nə qalacaq?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, hələlik Ermənistan Mərkəzi Bankı bu vəziyyətə reaksiya verməkdən və yenidən maliyyələşdirmə faiz dərəcəsini yenidən nəzərdən keçirməkdən çəkinir. Lakin proses bu cür davam edərsə, bundan qaçmaq mümkün olmayacaq.

“Ermənistanda inflyasiyanın aktivləşməsi artıq ilin əvvəlindən müşahidə olunurdu. Ötən ilin 3,3 faiz göstəricisindən sonra yanvarda 12 aylıq inflyasiya 3,8 faizə yüksəldi. Fevralda bahalaşma tempi daha da sürətləndi və ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz inflyasiya qeydə alındı.

İnflyasiyanın sürətlənməsi əsasən ərzaq bazarlarından qaynaqlanır, burada bahalaşma templəri xeyli yüksəkdir. Ötən ilin sonunda ərzaq məhsullarının inflyasiyası 4,3 faiz idisə, bu ilin yanvarında 5,9 faizə, fevralda isə 6,5 faizə çatdı.

Ərzaq məhsullarının bir çox növünün qiymətlərinin ikirəqəmli templə artdığını nəzərə almasaq belə, bu artıq istehlak bazarları və istehlakçılar üçün ciddi siqnaldır. Xüsusilə gəlirlərinin artması gözlənilməyən vətəndaşlar üçün. İnflyasiyanın aktivləşməsi və bahalaşmanın genişlənməsi şəraitində onlar ya imkanları varsa daha çox xərcləməli, ya da istehlak tələbatını azaltmalı olurlar”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, hər iki halda bunun mənfi təsiri məhz həmin vətəndaş qruplarına dəyir. Halbuki onların vəziyyətini yüngülləşdirmək üçün siyasi hakimiyyət hətta vəd etdiyi minimum əmək haqqını artırmağa belə hazır deyil.

“Vaxtilə pensiyaçılara deyirdilər ki, pensiyaları artırmağın mənası yoxdur, guya onlar pulu necə xərcləməyi bilmirlər. İndi isə deyirlər ki, minimum əmək haqqının artırılması mənasızdır və heç nə verməyəcək. Belə çıxırsa, sual yaranır: bəs niyə minimum əmək haqqının artırılması ilə bağlı “mənasız” vədi hökumətin prioritetlərinə daxil ediblər?

Aydındır ki, bu cür bəyanatların məqsədi minimum əmək haqqının artırılmasından yayınmaqdır, necə ki, vaxtilə pensiyaların artırılmasından yayınırdılar. Yalnız gördükdən sonra ki, pensiyaçıların səslərini itirmək təhlükəsi ilə üz-üzədirlər, heç bir əsaslandırma olmadan pensiyaları tələsik artırmağa qərar verdilər və bununla həm bu il, həm də gələcək illər üçün büdcənin fiskal sabitliyi ilə bağlı problemlər yaratdılar.

Lakin hakimiyyəti itirmək məsələsi gündəmdə olduğuna görə və hakimiyyəti qorumaq hakim partiyanın əsas məqsədi olduğuna görə, gələcəkdə hansı risklərin yarana biləcəyinə əhəmiyyət vermirlər. Elə buna görə də aprelin 1-dən pensiyaların artırılmasına tələsdilər və eyni zamanda bu sahədə inflyasiya risklərini də artırdılar”, - deyə məqalədə qeyd edilib.

Müəllifin sözlərinə görə, pensiyaların artırılması inflyasiyanı stimullaşdıracaq və hələ sual altındadır ki, bunun nəticəsi pensiyaçılar üçün daha çox xeyirli olacaq, yoxsa zərərli.

“Artıq bir çox məhsul bazarında aktiv inflyasiya əlamətləri müşahidə olunur.

Son 1 ildə ət məhsulları 8,2 faiz bahalaşıb. Həm mal əti, həm donuz əti, həm də qoyun əti üzrə ikirəqəmli artım qeydə alınıb. Rəsmi məlumatlara görə, mal əti 12,5 faiz, donuz əti 11,7 faiz, qoyun əti isə 13,3 faiz bahalaşıb. Balıq məhsullarının qiyməti 9,6 faiz artıb, süd məhsullarının bahalaşması isə 10 faizi keçib.

Xüsusilə yumurta kəskin bahalaşıb, ötən illə müqayisədə 19 faizdən çox bahalaşıb.

Yağ və piy məhsullarının qiymətləri 6,2 faiz, yarma 6,4 faiz, qarabaşaq 10,1 faiz, un 6,2 faiz, makaron isə 8,6 faiz bahalaşıb.

Şirniyyat məhsullarında, xüsusilə şokoladda qiymət artımı bir ildə 10,6 faizə çatıb. Qəhvə 8,7 faiz, kakao isə 36 faizdən çox bahalaşıb.

Meyvələrin və bir çox digər məhsulların, eləcə də xidmətlərin qiymətlərində də artım müşahidə olunur”, - deyə KİV vurğulayıb.

Nəşr yazıb ki, bütün bu bahalaşmanın nəticələrini istehlakçılar öz üzərlərində hiss edirlər.

“Bir çox insan başqa imkanları olmadığından xərclərini azaltmağa məcbur olur. Hakimiyyət isə insanların həyatını yaxşılaşdırdıqları ilə fəxr edir. Öz həyatlarını yaxşılaşdırıb, dövlət hesabına gəlirlərini o qədər artırıblar ki, bahalaşmanı artıq hiss etmirlər və düşünürlər ki, adi vətəndaşların həyatı da yaxşılaşıb.

Son dövrlərdə müşahidə olunan inflyasiya aktivliyi onsuz da dolanışığını çətinliklə təmin edən on minlərlə vətəndaşın cibinə zərbə vurmaq təhlükəsi yaradır. Lakin bu hələ hamısı deyil. Ermənistanda təkcə inflyasiya aktivləşməyib, həm də inflyasiya riskləri artıb. Bu risklər əsasən regionda baş verən son hadisələrlə, xüsusilə İran üzərinə İsrail-ABŞ hücumu ilə bağlıdır.

Həmin hücumdan sonra logistika problemləri kəskinləşib. İran vasitəsilə həyata keçirilən yük daşımaları əsasən dayandırılıb və ya azaldılıb. Alternativ marşrutlarla daşımalar isə daha bahalı və vaxt aparan olduğundan daşınan yüklərin qiymətinə təsir göstərir.

Məlumdur ki, İran artıq ölkədən ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını tam dayandırdığını da açıqlayıb. İran kənd təsərrüfatı məhsullarının istehlak bazarlarından biri də Ermənistandır. Üstəlik, bu məhsullar Ermənistan üçün təkcə istehlak deyil, həm də iqtisadi əhəmiyyət daşıyır”, - deyə nəşr qeyd edib.

Müəllif bildirib ki, xüsusilə süd məhsullarının istehsalı ciddi şəkildə İran xammalından asılıdır.

“İrandan Ermənistana həmçinin bir sıra digər kənd təsərrüfatı məhsulları, meyvə və tərəvəzlər idxal olunur və onlar daha ucuz qiymətə başa gəlir. Bu idxalın dayanması daxili bazarda inflyasiya təzyiqlərini artırır və real bahalaşma riskləri yaradır.

Regional vəziyyətə görə digər ölkələrdən Ermənistana ötürülən inflyasiya riskləri də artıb. Bu təsirlər hələ tam görünməsə də, regiondakı qeyri-sabitlik və hərbi toqquşmalar nə qədər uzun davam etsə, bu risklər də bir o qədər böyüyəcək”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Pensiya  


Bizi "telegram"da izləyin