Sabiq erməni rəsmi: “Ermənistan-İran qısa sərhədini Türkiyə ABŞ-nin səssiz və ya açıq razılığı ilə hərbi nəzarətə götürə bilər”

2026/03/1773561009.jpg
Oxunub: 447     11:51     15 Mart 2026    
“Paşinyanın hakimiyyət rejimi əvvəldən hər hansı strategiyadan, xüsusilə də Ermənistanın milli təhlükəsizliyi ilə bağlı strategiyadan imtina edib. Paşinyan hakimiyyətinin fəaliyyət üslubu strateji bacarıqsızlıqdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “HayaKve” birliyinin idarə heyətinin üzvü, Hərbi Sənaye Komitəsinin keçmiş sədri (2018-2020-ci illər) Avetik Kerobyan deyib.

Kerobyan xatırladıb ki, Ermənistanın milli təhlükəsizlik strategiyası sənədi sonuncu dəfə 2007-ci ildə qəbul edilib. 2020-ci ildə isə, 44 günlük müharibədən bir neçə ay əvvəl Nikol Paşinyanın administrasiyası tərəfindən eyni başlıqlı sənəd dərc olunsa da, o, hüquqi status almayıb.

Kerobyanın sözlərinə görə, “HayaKve” Ermənistanın milli təhlükəsizlik strategiyası üçün təklif etdiyi konsepsiyada davamlı təhlükəsizliyin və davamlı erməni dövlətinin qurulmasının əsası kimi milli maraqların bir toplusunu əsas götürüb. O, konsepsiyanın təqdimatı zamanı bildirib ki, bu strategiyanı hazırlamaqla onların məqsədi “masa üzərindəki yemək olmaqdan yeməyi yeyənə, müzakirə mövzusu olmaqdan müzakirəni aparana çevrilməkdir”.

Kerobyan izah edir ki, konsepsiyada regional toqquşmaların ehtimalının artması və Ermənistan ərazisinin bu toqquşmaların mümkün meydanına çevrilməsi xarici təhdid kimi göstərilir.

Bu kontekstdə ABŞ, İsrail və İran arasında artıq iki həftədir davam edən hərbi əməliyyatlar və bundan doğan təhdidlər barədə danışan Ermənistanın hərbi sənaye kompleksinin keçmiş rəhbəri vurğulayıb ki, hazırda daha genişmiqyaslı müharibə başlaya bilər.

“Bu, real müharibədir. ABŞ və İsrail əsas məqsədlərinə, yəni rejimi dəyişmək məqsədinə nail ola bilmədilər və əksinə, tam fərqli nəticə baş verdi: qoca liderin yerinə qisas hissi ilə dolu və əvvəlcədən radikallaşmış yeni lider hakimiyyətə gəldi. Biz qisas hissi ilə dolu bir hakimiyyətlə üz-üzəyik və baş verənlərdən göründüyü kimi, vəziyyət ABŞ və İsrailin məqsədlərinin əksinə inkişaf edir. Bu hücumlarla paralel olaraq İranda çox güclü daxili səfərbərlik baş verir”, - o qeyd edib.

Kerobyanın qiymətləndirməsinə görə, İran-ABŞ-İsrail qarşıdurması “böyük müharibənin” elementlərindən biridir. O hesab edir ki, İran-İsrail qarşıdurması, həmçinin Liviya, Livan, Suriya, İraq, Yəmən, Hindistan-Pakistan, Hindistan-Çin, Rusiya-Ukrayna və digər məlum münaqişələr bu vəziyyəti dünya müharibəsi adlandırmaq üçün kifayətdir.

“ABŞ-nin iştirakı ilə dünyada baş verənləri nəzərə alsaq, artıq dünya müharibəsi gedir. Sadəcə bu müharibə hələ bizim “dünya müharibəsi” adlandırdığımız klassik forma almayıb. Yəni böyük koalisiyalar formalaşmayıb və bu koalisiyalar bir-biri ilə birbaşa toqquşmayıb, amma bunun da vaxtı gələcək”, - deyə erməni ekspert bildirib.

Onun sözlərinə görə, Çin ABŞ ilə mümkün qarşıdurmaya çox ciddi şəkildə hazırlaşır.

Kerobyan deyib ki, İran müharibəsinin fonunda konkret təhlükələr də görür.

“Türkiyə həmişə olduğu kimi çox ustalıqla diplomatik oyun aparır. Eyni zamanda aydındır ki, Türkiyənin hərbi infrastrukturu istənilən an İrana qarşı hücumun genişləndirilməsi üçün istifadə oluna bilər. Mən düşünürəm ki, onlar hesablasalar ki, bunu “həzm edə” bilərlər, yəni bu onlara zərər verməyəcək və ya qəbulolunmaz zərər gətirməyəcək, İrana qarşı müharibəyə qoşulacaqlar.

Bizim üçün burada konkret təhlükə var: əgər İrana qarşı quru müharibəsində şimal və qərb cəbhələri açılarsa, Ermənistan-İran qısa sərhədini Türkiyə çox böyük ehtimalla ABŞ-nin səssiz və ya açıq razılığı ilə hərbi nəzarətə götürə bilər və bu, geri dönməz nəticələrə səbəb ola bilər.

Onlar sadəcə Zəngəzuru Ermənistandan qoparmaq üçün münasib fürsət gözləyirlər. Biz bu təhlükələri aydın şəkildə başa düşməli və onlara qarşı necə mübarizə aparmalı olduğumuzu dəqiq təsəvvür etməliyik. Ən vacibi isə öz maraqlarımızı anlamaq və ölkədə həmin maraqlara xidmət edən hakimiyyətin olmasıdır”, - deyə Kerobyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin