Erməni politoloq: “Müharibə və ya sülh” saxta ikili seçimi cəmiyyəti qorxutmaq və hakimiyyətin yenidən seçilməsini əsaslandırmaq alətinə çevrilir”

2026/03/1773467372.jpg
Oxunub: 406     11:31     15 Mart 2026    
“Biz aydın seçim etməliyik: “Qarabağ hərəkatı”nı (erməni separatizmi-red.) davam etdiririk, yoxsa yox? Əgər davam etdiririksə, bu yeni müharibə deməkdir, başqa cür ola bilməz. Xalq seçkilər vasitəsilə deməlidir ki, “Qarabağ hərəkatı”nı davam etdirəcəyik, ya yox. “Vətəndaş Müqaviləsi” partiyası yeganə siyasi qüvvədir ki, açıq şəkildə bildirir: biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, ikinci belə bir qüvvə mövcud deyil”, - deyə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayım zamanı bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Erməni politoloq Suren Surenyantsın qiymətləndirməsinə görə, bu bəyanat saxta seçim üzərində qurulub.

“Paşinyan cəmiyyətə sadə və primitiv bir formul təqdim etməyə çalışır: ya onun hakimiyyəti, ya da müharibə. Lakin bu yanaşmanın Ermənistanın real siyasi gündəliyi ilə heç bir əlaqəsi yoxdur.

Bu gün Ermənistanın siyasi meydanında “Qarabağ hərəkatı”nı davam etdirməyi bəyan edən nüfuzlu siyasi qüvvə yoxdur. 2023-cü ildə “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) ləğv edilməsindən sonra bu məsələ faktiki olaraq Ermənistanın daxili siyasi gündəliyindən çıxıb. Yəni Paşinyan real siyasi mövqeyə qarşı deyil, özünün yaratdığı kölgə ilə mübarizə aparır.

Bu saxta qarşıdurma cəmiyyətin diqqətini ən vacib sualdan yayındırır: Ermənistanı bu nöqtəyə kim gətirdi? Paşinyanın hakimiyyəti illərində “Qarabağ” məhv edildi, Ermənistanın təhlükəsizlik və danışıqlar sistemi sarsıldı, dövlət isə davamlı güzəştlər məntiqinə düşdü. Belə şəraitdə eyni hakimiyyət özünü müharibənin qarşısını alan yeganə təminatçı kimi təqdim etməyə çalışır”, - deyə Surenyants qeyd edib.

O bildirib ki, Paşinyanın çıxışında təhlükəli alt məna da var.

“O, yalnız “Vətəndaş Müqaviləsi”nin “Qarabağ hərəkatı”nın davamına qarşı olduğunu bildirəndə, faktiki olaraq bütün müxalifət düşərgəsini “müharibə tərəfdarları” kimi təqdim etməyə çalışır. Bu, klassik manipulyasiyadır: mövcud olmayan təhlükə yaratmaq və bütün rəqibləri həmin təhlükə ilə eyniləşdirmək”, - deyə erməni politoloq vurğulayıb.

Surenyants qeyd edib ki, belə ritorika xarici siyasət baxımından da təhlükəlidir.

“Paşinyanın bu ifadələri Azərbaycanın Ermənistanda revanşist qüvvələr olduğu ilə bağlı bəyanatını gücləndirir. Nəticədə Ermənistan daxilində baş verən istənilən siyasi dəyişiklik və ya gərginlik Ermənistan tərəfindən müharibəyə hazırlıq kimi təqdim oluna bilər.

Beləliklə, Paşinyan cəmiyyətə saxta formul qəbul etdirməyə çalışır: öz hakimiyyətini sülhün yeganə təminatı kimi göstərir, istənilən başqa siyasi seçimi isə müharibə təhlükəsi kimi təqdim edir. “Müharibə və ya sülh” saxta ikili seçimi cəmiyyəti qorxutmaq və hakimiyyətin yenidən seçilməsini əsaslandırmaq alətinə çevrilir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Surenyants  


Bizi "telegram"da izləyin