Ermənistanda qondarma muzeyin “Qarabağ bölməsi” də bağlana bilər

2026/03/1772619544.jpg
Oxunub: 416     23:24     14 Mart 2026    
Qondarma “Ermənistan Soyqırımı Muzey-İnstitutu”nun direktorunun vəzifədən ayrılması ilə bağlı qalmaqaldan sonra qurumda gərginlik davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, artıq sabiq direktor Edita Qzoyan bir neçə gün əvvəl istefa ərizəsi yazıb. Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun işdən getməsi barədə göstərişi şəxsən özü verib.

“Paşinyanın sözlərinə görə, səbəb Qzoyanın ABŞ-nin vitse-prezidentinə hədiyyə etdiyi toplu olub.

Baş nazir deyib: “Bəli, mən ondan istefa ərizəsi yazmasını xahiş etdim. Mən bunu hökumətin apardığı xarici siyasətə zidd və təxribat xarakterli addım hesab etdim”.

Bildirilir ki, bundan əvvəl Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan kollektivə başqa səbəb göstərərək, muzey kompleksinin tikintisinə nəzarətin lazımi səviyyədə aparılmadığını əsas gətirib”, - deyə nəşr bildirib.

KİV-in yazdığına görə, muzey əməkdaşları hər il 24 aprel - qondarma “soyqırımının anım günü”nə həsr olunmuş yeni sərgi təşkil edirdilər.

“Lakin bu il sərginin ləğv edildiyi bildirilir, çünki direktorun istefasından sonra kollektiv normal iş rejiminə qayıda bilmir.

Muzey kollektivinə “Soyqırımı Muzeyi”nin “Qarabağ bölməsi”nin də bağlana biləcəyi barədə məlumatlar daxil olub. Bununla bağlı onlar Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə və qəyyumlar şurasına məktub göndəriblər, lakin məktub hələ də cavabsız qalıb.

“Muzey-institutu”nun direktorunun müvəqqəti səlahiyyətlərini icra edən Hraçya Taşçyan isə bildirib ki, o, Baş nazirin siyasi kursuna sadiq qalacaq və qurumda ciddi dəyişikliklər gözlənilir. Edita Qzoyanın direktor müavini təyin olunmayacağı, adi tədqiqatçı kimi işini davam etdirəcəyi mümkündür. Üstəlik, bütün qrant proqramları onun səyləri ilə təsdiqləndiyindən, işçilərdən ayrılmamaları xahiş olunub. Qzoyan getsə, iş iflic olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qzoyan   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin