Rusiyalı hərbi analitik: “Qarşıdurma uzanarsa, həlledici amil təkcə hərbi nəticələr deyil, həm də kimin ittifaqları daha effektiv qoruyub saxlayacağı olacaq”

2026/03/1773505007.jpg
Oxunub: 424     20:19     14 Mart 2026    
“ABŞ rəhbərliyinin, xüsusilə Tramp və Heqsetin İranın “məhv edildiyi” barədə bəyanatları daha çox informasiya və təbliğat müharibəsinin tərkib hissəsidir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, bu cür ritorika daxili auditoriyaya inam aşılamaq və rəqibə psixoloji təzyiq göstərmək məqsədi daşıyır. Lakin ABŞ-nin bölgəyə əlavə qüvvələr göndərməsi göstərir ki, hərbi və siyasi qarşıdurma hələ başa çatmayıb və vəziyyət qeyri-sabit olaraq qalır.

Ekspert hesab edir ki, İranın sərt ritorikası da birbaşa qələbə və ya məğlubiyyət əlaməti deyil. Onun fikrincə, İranın hərbi-siyasi mədəniyyətində döyüş ritorikasından daxili birliyi qorumaq və xarici təzyiq qarşısında müqavimət siyasətini nümayiş etdirmək üçün istifadə olunur.

Yevseyev bildirir ki, Tehran hərbi təzyiq şəraitində belə uzunmüddətli qarşıdurmaya hazır olduğunu göstərməyə çalışır və bu yanaşma həm regional münaqişələrin təcrübəsi, həm də müqavimət strategiyasına əsaslanan təhlükəsizlik doktrinası ilə formalaşıb.

“Daha çox ehtimal olunur ki, hər iki tərəf davam edən hərbi və siyasi mübarizə fonunda özləri üçün əlverişli informasiya və psixoloji mühit yaratmağa çalışır. Qarşıdurma uzanarsa - artıq uzanır - həlledici amil təkcə hərbi nəticələr deyil, həm də kimin ittifaqları, iqtisadi dayanıqlığı və regional təsirini daha effektiv qoruyub saxlayacağı olacaq.

İran regionda özünü daha inamlı hiss edir, neft qiymətlərinin artımından da ABŞ prezidentinə qarşı siyasi alət kimi istifadə edir. Bu hesablamaların nə dərəcədə doğru olacağını zaman göstərəcək, lakin düşünürəm ki, ABŞ-nin ilkin planlarında vəziyyətin bu qədər uzanması nəzərdə tutulmamışdı”, - deyə Yevseyev bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yevseyev   İran   ABŞ  


Bizi "telegram"da izləyin