Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan sülh diskursu ilə cəmiyyəti qorxudur” başlıqlı məqaləsində yazıb.
“O, öz səhifəsində paylaşdığı videoda əlavə edib ki, aydın qərar verilməlidir: Ermənistan Qarabağ münaqişəsini davam etdirəcək, yoxsa etməyəcək. Onun sözlərinə görə, hazırda siyasi sahə də məhz bu məntiq üzrə formalaşır: “Qarabağ hərəkatı”nın davam etdirilməməsini deyən sülh partiyası və əslində birbaşa və ya dolayı şəkildə “Qarabağ hərəkatı”nın davam etdirilməli olduğunu bildirən müharibə partiyası”, - deyə nəşr bildirib.
KİV-ə görə, Paşinyan eyni zamanda Avropa Parlamentinin tribunasında səsləndirdiyi ruhanilərlə bağlı iddianı da təkrar edib və bildirib ki, müharibə partiyasının rəhbərliyini katolikos üzərinə götürüb, “qalanları, Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan və digərləri isə bu məntiq çərçivəsinə yerləşirlər”.
“Biz çox aydın seçim etməliyik, “Qarabağ hərəkatı”nı davam etdiririk, yoxsa yox. Əgər davam etdiririksə, bu, yeni müharibə deməkdir, başqa cür ola bilməz. Üstəlik, 2020-ci ildən əvvəl də müharibə var idi, sadəcə sülh bizim üçün o qədər yad idi ki, sülhü müharibədən fərqləndirmirdik, indi isə yeni-yeni fərqləndirməyə başlayırıq”, - deyə Paşinyan bildirib.
KİV-in yazdığına görə, qeyd olunur ki, Paşinyan artıq uzun müddətdir açıq şəkildə öz siyasi kartlarını oynayır və “Vətəndaş Müqaviləsi”ni seçmədikləri halda müharibə perspektivi ilə cəmiyyəti qorxudur.
“Müəyyən mənada bu taktika cəmiyyətin bəzi təbəqələrinin fikirlərinə təsir etmək baxımından effektiv ola bilər.
Təəssüf ki, müxalifət hələ daha effektiv sülh diskursu formalaşdırmağa nail ola bilmir. Bunu Beynəlxalq Respublikaçılar İnstitutunun sorğuları da göstərir, respondentlər sülh məsələsində müxalifətə xüsusi ümid bağlamırlar. Müxalifətin Paşinyanı əsas narrativindən məhrum etməsi üçün taktikasını təcili dəyişməsi zəruri hesab olunur”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az