Rus KİV-i: Aqarak-Norduz sərhəd keçidinin mümkün bağlanması Ermənistana ciddi iqtisadi zərər verə bilər

2026/03/1773487396.jpg
Oxunub: 401     15:22     14 Mart 2026    
İran ətrafında davam edən münaqişə Ermənistanı genişmiqyaslı miqrasiya böhranı təhlükəsi ilə üz-üzə qoya bilər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Fb.ru” nəşri yazıb.

Nəşr qeyd edib ki, ekspertlər və şahidlər ölkənin minlərlə qaçqını qəbul etməyə hazır olub-olmadığını, xüsusilə də əlçatan mənzillərin çatışmazlığı şəraitində bunu necə edəcəyini müzakirə edirlər.

“Sərhəddə humanitar fəlakət təhlükəsi

ABŞ və İsrailin İran İslam Respublikasına qarşı həyata keçirdiyi və ölkə ərazisinə zərbələrlə müşayiət olunan hərbi əməliyyatlar münaqişənin quru fazasına keçməsi riskini yaradır. Politoloq Arçil Sixarulidzenin sözlərinə görə, genişmiqyaslı müharibə baş verərsə, milyonlarla insan sığınacaq axtara bilər. Mütəxəssislər Ermənistan və Gürcüstanı miqrantlar üçün potensial olaraq ən sabit regionlar hesab edirlər.

İranın İrəvandakı səfiri Xəlil Şirğolami qeyd edib ki, ABŞ və İsrailin hərəkətləri bütün Cənubi Qafqazın təhlükəsizliyinə təhdid yaradır. Ermənistan parlamentinin deputatı Artur Xaçatryan isə 50-100 min qaçqının gəlişi halında hökumətin aydın planının olmaması ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, xüsusilə də Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərin yerləşdirilməsi təcrübəsini nəzərə alsaq, ölkə beynəlxalq yardım olmadan belə bir axının öhdəsindən gələ bilməyəcək. Siyasi şərhçi Arman Abovyan isə bildirib ki, xüsusilə qadın və uşaqlara təsir edən humanitar böhran zamanı İranla sərhədin fiziki olaraq bağlanması mümkün deyil.

“İran şahidin gözü ilə: müqavimət mədəniyyəti və ruhu” kitabının müəllifi, yazıçı və alpinist Yelena Şuvaeva 25 il Ermənistanda yaşayıb və İranı dərin qonaqpərvərlik ənənələri olan ölkə kimi təsvir edir. O qeyd edir ki, ölkənin ən yüksək zirvəsi olan Dəmavənd dağına qalxarkən yerli sakinlərin böyük həmrəyliyi ilə qarşılaşıb. Onun sözlərinə görə, ekstremal şəraitdə belə iranlılar yüksək keyfiyyətli avadanlığın olmamasına və -50°C-ə çatan hava şəraitinə baxmayaraq, xarici turistlərə qayğı göstəriblər”, - deyə nəşr bildirib.

KİV-in yazdığına görə, Şuvaeva bildirir ki, xarici təhlükələr İran cəmiyyətini birləşdirir.

“Məsələn, 2020-ci ildə komandir Qasım Süleymaninin ölümü həm dünyəvi, həm də dini vətəndaşları bir araya gətirmişdi. Səyyahla söhbətlərində adi iranlılar tez-tez Rusiyaya hörmət ifadə edir və Vladimir Putini güclü lider adlandırırdılar. Şəxsi azadlıqlar və baş örtüyü ilə bağlı daxili mübahisələrə baxmayaraq, suverenlik məsələsi İran vətəndaşları üçün əsas prioritet olaraq qalır və xarici müdaxilə destabilizasiyaedici amil kimi qəbul olunur.

Ortaq tale: İranda erməni irsi

İran öz ərazisində yerləşən xristian abidələrinə hörmətlə yanaşır. İsfahan şəhərində 17-ci əsrə aid Yeni Culfa erməni məhəlləsi yerləşir və burada divarları tamamilə freskalarla örtülmüş Vank kilsəsi mövcuddur.

Ölkənin şimal-qərbində yerləşən bir neçə erməni monastırı UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib və dövlət tərəfindən qorunur. Tarixən İran regionu xristian əhali üçün sığınacaq rolunu oynayıb. XX əsrin əvvəllərində Urmiya şəhərində rus pravoslav missiyası fəaliyyət göstərib və Birinci Dünya müharibəsi zamanı erməni və aysor qaçqınlara sığınacaq və tibbi yardım göstərib”, - deyə məqalədə qeyd edilib.

KİV bildirib ki, bu gün də İran hakimiyyəti erməni icmasının mənəvi kimliyinin bir hissəsi sayılan qədim kilsələri və xaç daşlarını qorumağa davam edir.

“Həddindən artıq yüksək qiymətlər - qaçqınlar üçün mənzil problemi

Ermənistanda daşınmaz əmlak bazarı həddindən artıq qızışıb və bu da yeni miqrant axınlarının qəbuluna maneələr yaradır. 2022-ci ilin fevralından etibarən Rusiya və Ukraynadan təxminən 150 min qaçqının ölkəyə gəlməsi kirayə qiymətlərinin kəskin artmasına səbəb olub.

Yüksək maaşlı mütəxəssislər bazarda əsas tələbatı formalaşdırır və bu da qiymətləri bir çox yerli sakinlər, həmçinin Qarabağdan köç etmiş şəxslər üçün əlçatmaz edir. Bu şəraitdə iranlı qaçqınların İrəvanda mənzil kirayələməkdə ciddi çətinliklərlə üzləşməsi riski var.

Belə vəziyyətdə icma dəstəyi ənənələri yeganə çıxış yolu ola bilər. Ermənistanda İran diasporu kifayət qədər həmrəy icma kimi tanınır. Şuvaevanın sözlərinə görə, bir çox ailə həmvətənlərini öz mənzillərində qəbul etməyə, mövcud olan istənilən boş sahədən istifadə etməyə hazırdır.

Lakin uzunmüddətli münaqişə və Aqarak-Norduz sərhəd keçidi üzərindən keçən nəqliyyat yollarının mümkün bağlanması Ermənistana təkcə humanitar deyil, həm də ciddi iqtisadi zərər verə bilər. Çünki İran Ermənistanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin