Ermənistan KİV-i: Avropa strukturları öz dəyər siyasətində nə dərəcədə ardıcıldır?

2026/03/1773478174.jpg
Oxunub: 381     12:58     14 Mart 2026    
Avropa siyasi platformalarında bəzi liderlər açıq şəkildə dəstək və siyasi təşviq alır, halbuki digər ölkələr və ya hökumətlər sərt tənqidə, hətta siyasi təzyiqlərə məruz qalır. Avropa siyasi müzakirələrini izləyərkən görmək olar ki, bəzi rəhbərlər tez-tez Avropa dəyərlərinin daşıyıcıları və tərəfdaşlar kimi təqdim olunur, onlara rəğbət və dəstək göstərilməsi isə normal sayılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa icmasının “seçmə dəyərləri” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd eib ki, bu kontekstdə tez-tez belə fiqurların adı çəkilir: Mixeil Saakaşvili, Volodimir Zelenski, Nikol Paşinyan, Maya Sandu, Salome Zurabişvili.

“Gördüyünüz kimi, bu şəxsləri birləşdirən yeganə cəhət öz ölkələrinin maraqlarını böyük geosiyasi güclərin qurbanı etmələri və Qərbin tapşırıqlarını kor-koranə yerinə yetirmələridir. Halbuki Avropa siyasi platformalarında bu liderlər tez-tez demokratik dəyişikliklərin simvolları kimi təqdim olunur və Avropa rəsmilərinin siyasi dəstəyi və ictimai tərifi ilə qarşılaşırlar. Təsadüfi deyil ki, məsələn, onların çıxışları Avropa Parlamentində gurultulu alqışlarla qarşılanır.

Lakin eyni dövrdə Avropanın digər ölkələrə və ya digər siyasi fiqurlara münasibəti xeyli daha tənqidi ola bilər. Bu ziddiyyət xüsusilə Gürcüstan məsələsində diqqət çəkir. Üstəlik, yuxarıda sadalanan siyahıda Gürcüstanın iki keçmiş rəhbəri də yer alır. Avropa siyasi dairələrində vaxtaşırı belə narazılıqlar səsləndirilir ki, Gürcüstan təkcə Avropa strukturları ilə deyil, həm də digər ölkələrlə, məsələn, Rusiya və hətta Çinlə iqtisadi və siyasi əlaqələri inkişaf etdirməyə çalışır. Gürcüstan müxtəlif geosiyasi mərkəzlər arasındakı rəqabət şəraitində öz maraqlarını irəli aparmağa çalışır. Lakin Avropa siyasi dairələrində belə siyasət çox vaxt şübhə və tənqidlə qarşılanır”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, hər hansı ölkə (daha dəqiqi, hər hansı ölkənin rəhbəri və ya hakim qüvvəsi) Avropanın dar geosiyasi prioritetləri ilə üst-üstə düşən siyasət yürüdəndə, ona münasibət adətən daha müsbət olur.

“Amma hansısa dövlətin hakimiyyəti daha çoxvektorlu və ya diversifikasiya olunmuş xarici siyasət aparmağa çalışdıqda, tez-tez siyasi gərginliklər yaranır. Bu fenomen böyük geosiyasi mərkəzlər üçün xarakterikdir, lakin Avropa halında o, bəzən bütün sərhədləri aşır.

Diversifikasiya olunmuş xarici siyasət kiçik və orta dövlətlər üçün çox vaxt yaşamaq strategiyası kimi qiymətləndirilir. Dövlət müxtəlif geosiyasi mərkəzlərin maraqlarının kəsişməsində yerləşirsə, onun eyni zamanda bir neçə istiqamətdə münasibətlər qurmağa çalışması təbiidir. Bu yanaşma xarici asılılıqları azaltmağa və daha geniş iqtisadi və siyasi imkanlar yaratmağa kömək edir. Lakin bu, Avropa üçün qəbulolunmaz sayılır. Təsadüfi deyil ki, Avropa strukturları çox vaxt Avropanın geosiyasi gündəliyini qeyd-şərtsiz dəstəkləməyə hazır olan hökumətlərə daha müsbət yanaşır. Hətta bu prosesdə daxili siyasi və ya sosial problemlər yaransa, yaxud ölkə zərər görsə və müharibə meydanına çevrilsə belə… Bunun ən parlaq nümunəsi Ukraynadır”, - deyə məqalədə qeyd edilib.

KİV-in yazdığına görə, məhz bu fonunda daha bir vacib sual ortaya çıxır: Avropa strukturları öz dəyər siyasətində nə dərəcədə ardıcıldır?

“Avropa daim vurğulayır ki, insan hüquqlarının qorunması və demokratik institutların inkişafı onun gündəliyinin əsasını təşkil edir. Lakin tənqidçilər qeyd edirlər ki, Avropa siyasətinin tərəfdaşı sayılan hökumətlərə Avropa tərəfindən “kart-blanş” verilir və onlar istədikləri kimi davrana bilirlər. Onlar anti-demokratik addımlar ata, insan hüquqlarını poza, həbsxanaları müxalifətlə doldura bilər, lakin Avropa strukturları buna göz yuma bilər.

Beynəlxalq münasibətlərdə bu fenomen “seçmə dəyərlər” kimi tanınır. Yəni dəyərlər ümumi prinsiplər əsasında deyil, siyasi məqsədəuyğunluq məntiqi ilə tətbiq olunur. Bu ziddiyyət xüsusilə o zaman hiss olunur ki, Avropa strukturları bəzi ölkələrin daxili siyasi proseslərini sərt şəkildə tənqid edir, lakin eyni səviyyədə tənqidi siyasi tərəfdaş sayılan ölkələrə yönəltmir. Belə vəziyyətlərdə insan hüquqları və demokratiya mövzularının bir çox hallarda beynəlxalq münasibətlərdə təsir aləti kimi istifadə olunduğu barədə təsəvvür yaranır. Eyni “tərəfdaş” dövlətlərin və onların xalqlarının taleyinə isə sanki biganə yanaşılır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropa  


Bizi "telegram"da izləyin