Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Mənbələr “Anadolu” agentliyinə bildiriblər ki, İŞİD terror təşkilatına qarşı Qlobal Koalisiya çərçivəsində yerləşdirilmiş fransız hərbçilərinin olduğu baza iki raketlə vurulub.
Hücum nəticəsində hava limanının uçuş zolağı zədələnib və ərazidə yanğın baş verib. Hadisə yerindən qalxan tüstü müşahidə olunub.
Hadisə nəticəsində itkilər barədə məlumat verilməyib və İraq hakimiyyəti hələlik rəsmi açıqlama yaymayıb.
Cümə axşamı Fransa Silahlı Qüvvələri Şimali İraqda Ərbil şəhərində baş verən pilotsuz uçuş aparatı hücumu nəticəsində altı fransız hərbçisinin yaralandığını açıqlamışdı.
Bu hadisələr fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı birgə hücumlara başlamasından sonra Yaxın Şərqdə gərginliyin kəskin şəkildə artdığı bir vaxtda baş verir. Həmin hücumlar nəticəsində o zamankı ali lider ayətullah Əli Xameneyi də daxil olmaqla təxminən 1300 nəfər həlak olub.
Tehran isə cavab olaraq İsrailə, İordaniyaya, İraqa və ABŞ hərbi obyektlərinin yerləşdiyi Körfəz ölkələrinə pilotsuz uçuş aparatı və raket hücumları həyata keçirib. Bu hücumlar itkilərə və mülki infrastruktura ziyan vurulmasına səbəb olub, həmçinin qlobal bazarlara və aviasiyaya təsir göstərib.
Sevinc Əliyeva
Ordu.az