Ordu.az xəbər verir ki, bu barədə martın 13-də Antikorrupsiya Məhkəməsinin qarşısında jurnalistlərlə söhbətində “Güclü Ermənistan” partiyasının üzvü Narek Karapetyan bildirib.
“O problemi özü yaradıb, indi isə göstərmək istəyir ki, onu həll edir. Özünün yaratdığı problemi həll etdiyini deyir və bildirir ki, guya sülhü o gətirir. Hər gün çıxıb deyir ki, bunu etməsək, müharibə olacaq, onu etməsək, müharibə olacaq. Hər gün bizi qorxudur, səkkiz ildir ardıcıl olaraq xalqın özünə inamına qarşı işləyir. Əgər o, ermənilərin özünə inamını qıra bilsə, sonra hər gün çıxıb deyəcək ki, bunu etməsək, müharibə olacaq.
Bu, onun gətirdiyi müharibələrin nəticəsidir, o, danışıqlardan çıxaraq buna səbəb olub. O, elə addımlar atıb ki, vasitəçilər amili sıradan çıxsın və vasitəçilər bizə dəstək verməsin.
Müharibə riskinin bir neçə elementi var, birincisi diplomatik elementdir. Tək bir zəmanətçi və ya tək bir şahidlə sülh sadəcə kağız üzərində qalır. Hazırda bizim zəmanətçimiz yoxdur, yalnız şahid var və o da hazırda İranla müharibə aparır.
Ermənistanın iki təminatı olmalıdır. Birincisi, birdən çox zəmanətçinin olmasıdır ki, ölkə digər dövlətlərin münaqişəsində alətə çevrilməsin”, - deyə o bildirib.
Kimin bu zəmanətçi ola biləcəyi ilə bağlı suala cavab verən Narek Karapetyan deyib: “Biz bilirik ki, bu vəziyyətdən əvvəl İran Ermənistanın ərazi bütövlüyünü yerində öz əsgərləri ilə təmin etməyə hazır idi. Biz digər regional müttəfiqləri də görürük ki, onlar dəstək verməyə hazır idilər, bizə də məhz bu lazımdır. İkincisi isə ordunu bərpa etməli və yenidən qurmalıyıq. Bizə 21-ci əsrin ordusu lazımdır. Texnoloji inkişaf dövründə ordunun modernləşdirilməsi ucuzlaşıb, ordunu saxlamaq, məsələn, beş il əvvəlkindən daha əlçatandır. Yaxın günlərdə erməni ordusunun gücünü bərpa etmək üzrə proqramımızı ictimaiyyətə təqdim edəcəyik”.
Alpər Mövludoğlu
Ordu.az