Ordu.az xəbər verir ki, bunu Ermənistan Ali Sovetinin keçmiş deputatı (1990-1995), parlamentin sabiq deputatı (1995-1999), fövqəladə və səlahiyyətli səfir Armen Martirosyan deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda ərazi idarəetməsi və infrastruktur naziri bildirmişdi ki, atom elektrik stansiyasının konkret modelinin yekun seçimi hələ edilməyib, modul reaktorlar isə hələ geniş yayılmayıb və əlavə araşdırma tələb edir.
“Eyni zamanda, nüvə energetikası məsələlərində ixtisaslaşmış amerikalı diplomat Tomas Armbruster açıq şəkildə Ermənistan hökumətini ictimai məlumatlandırma aparmağa çağırmışdı. Onun sözlərinə görə, KMR texnologiyası cəmiyyət üçün hələ də kifayət qədər aydın deyil və avtomatik ictimai dəstək qazana bilməz. Bu fonda hakimiyyətin məsələnin ictimai müzakirəsindən imtina etməsi qəbuledilməzdir.
Yeni atom elektrik stansiyasının tikintisi “adi” infrastruktur layihəsinin həyata keçirilməsi deyil. Söhbət ölkənin enerji təhlükəsizliyini təmin etməyə yönəlmiş uzunmüddətli modeldən, böyük maliyyə öhdəliklərindən, beynəlxalq texnoloji tərəfdaşların seçilməsindən, yeni tənzimləyici normalardan, tullantıların idarə edilməsindən və xüsusilə vacib olan ölkənin enerji təhlükəsizliyi strategiyasının ictimai legitimliyindən gedir”, - deyə Martirosyan bildirib.
Martirosyan qeyd edib ki, buna görə də prinsipial məsələ yalnız hökumətin hansı qərarı qəbul etməsi deyil, həm də bu qərarın necə qəbul olunmasıdır.
“Baş nazir belə bir qərarı cəmiyyətə ölkə sərhədlərindən kənarda verdiyi bəyanatla təqdim edəndə, bu onu göstərir ki, Ermənistanın “qürurlu” vətəndaşı yenə də strateji seçimdə iştirakçı kimi deyil, sadəcə qərara tabe olan tərəf kimi çıxış edir.
Ermənistanın nüvə energetikasının inkişafına maraq göstərməsi özlüyündə tamamilə məntiqlidir, çünki fəaliyyət göstərən atom elektrik stansiyasının istismar müddəti on ildən sonra başa çatacaq. Lakin bu fakt hələ o demək deyil ki, kiçik modul reaktor ən optimal həll yoludur. Bu reaktorlarla bağlı beynəlxalq ekspert müzakirələri göstərir ki, KMR-lərin üstünlükləri hələ də mübahisəlidir və tam dəqiqləşməyib”, - deyə o bildirib.
Sabiq erməni deputatın qiymətləndirməsinə görə, kiçik modul reaktorların texniki-iqtisadi qiymətləndirilməsinin özəlliyi ondan ibarətdir ki, onların rəqabət qabiliyyəti ənənəvi böyük atom enerji bloklarından fərqli iqtisadi məntiq üzərində qurulur.
“Böyük enerji bloklarının rəqabət qabiliyyəti miqyas effekti (“economies of scale”) ilə bağlıdır: enerji blokunun gücü artdıqca istehsal olunan elektrik enerjisinin vahid dəyəri azalır.
KMR-lər üçün gözlənilən iqtisadi səmərəlilik isə əksinə, standartlaşdırılmış modulların çoxsaylı istehsalı effekti (“economies of multiples”) ilə bağlıdır, yəni eyni tipli stansiyaların seriya şəklində kütləvi istehsalı və istismarı ilə. Başqa sözlə, xərclərin azalması yalnız kütləvi istehsal və geniş istismar şəraitində mümkün ola bilər.
Bu səbəbdən KMR-lərin iqtisadi səmərəliliyi və onların istehsal etdiyi elektrik enerjisinin maya dəyəri ilə bağlı arqumentlər kifayət qədər mübahisəlidir. Praktika göstərir ki, bu cür layihələr təkcə yüksək xərclərlə deyil, həm də maliyyə planlaşdırması ilə bağlı problemlərlə müşayiət olunur. Nəticədə layihə mərhələsindən real icraya keçid ciddi maliyyə riskləri ilə bağlı olur”, - deyə o qeyd edib.
Martirosyan qeyd edib ki, məsələn, ABŞ-nin Yuta ştatında KMR tikintisi layihə dəyərinin gözlənilmədən əhəmiyyətli dərəcədə artması səbəbindən dayandırılmışdı.
“Ermənistan üçün belə risklər daha təhlükəlidir, çünki bahalı texnologiyanın seçilməsində edilən səhv həm dövlət maliyyəsi, həm də milli enerji sistemi üçün uzunmüddətli ağır yükə çevrilə bilər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Nüvə Enerjisi Agentliyinin ekspertləri KMR-lərin təhlükəsizlik məsələlərinə də diqqət çəkirlər. Bu reaktorların tərəfdarları tez-tez onların üstünlüklərini passiv təhlükəsizlik sistemlərinin tətbiqi, həmçinin reaktorların daha kiçik ölçüsü və yerləşdirmə baxımından çevikliyi ilə izah edirlər.
Lakin ekspertlərin fikrincə, bundan KMR-lərin təhlükəsizlik səviyyəsinin güclü reaktorlarla müqayisədə daha yüksək olduğu nəticəsi çıxmır. Buna görə də onların qənaətincə, hazırda təhlükəsizlik baxımından KMR-lərin üstünlüyündən deyil, hələ empirik təsdiqə ehtiyacı olan müəyyən layihə gözləntilərindən danışmaq daha doğrudur”, - deyə sabiq erməni deputat bildirib.
Martirosyan vurğulayıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Nüvə Enerjisi Agentliyi nüvə yanacağı məsələsini də xüsusi qeyd edir.
“KMR-lərin istismarı daha yüksək zənginləşdirilmiş nüvə yanacağının istifadəsini tələb edir. Lakin müvafiq istehsal və logistika zəncirləri hələ kifayət qədər formalaşmayıb və nəticə etibarilə tədarük məhdudluğu bu reaktorların geniş yayılmasına mane ola biləcək amil kimi qiymətləndirilir.
Diqqətəlayiq başqa bir məsələ də istifadə olunmuş nüvə yanacağının sonrakı taleyidir. İntuitiv olaraq reaktorun kiçik ölçüsünün yanacağın istifadədən sonrakı dövrünün daha sadə olacağını düşündürməsinə baxmayaraq, tədqiqatlar bir vahid enerji istehsalına görə daha böyük həcmdə və idarə olunması daha mürəkkəb olan tullantıların yaranması ehtimalını istisna etmir.
Belə müzakirələrin mövcudluğu özü göstərir ki, bu məsələ ilə bağlı hələ də qəti və yekun həllər yoxdur. Nüvə energetikasının gələcək strukturuna dair qərar qəbul edən ölkə üçün tullantıların idarə edilməsi məsələsi dəyər, həyata keçirmə müddəti və təhlükəsizlik məsələləri qədər vacibdir.
Sadalanan amillər, xüsusilə də ictimai müzakirələrin olmadığı şəraitdə, Ermənistan hökumətinin kiçik modul reaktorun tikintisi barədə qərar qəbul edərkən hansı meyarlara əsaslandığına dair şübhələr yaradır.
Qaldırılan məsələlər lazımi şəkildə işlənib hazırlanaraq ictimai müstəvidə təqdim edilməyincə, baş nazirin Parisdəki bəyanatı hərtərəfli texniki-iqtisadi təhlilin nəticəsindən daha çox qarşıdan gələn seçkilər ərəfəsində götürülmüş siyasi öhdəliyi xatırladır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az