Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində canlı yayım zamanı bildirib.
“Sülh hər gün daha da möhkəmlənəcək, Ermənistan isə hər gün daha da güclənəcək və mən bu hərəkatın lideriyəm. Kim razıdırsa, mənim ardımca gəlsin.
Biz “artsax respublikası” (ləğv edilmiş qondarma qurum-red.), “Qarabağ məsələsi” deyəndə başa düşməliyik ki, sözün dəyəri və nəticəsi var. İstər kilsədə, istər elmi məntiqdə, istərsə də ictimai müzakirələrdə bu ifadələr səslənəndə, elə bir variant yoxdur ki, müəyyən vaxtdan sonra münaqişəyə gətirib çıxarmasın.
Mən açıq deyirəm ki, II Qaregin açıq şəkildə müharibə tərəfdarlarının liderliyini üzərinə götürüb. Qalanları, Robert Köçəryan, Levon Ter-Petrosyan, Serj Sarkisyan və digərləri də bu məntiqə uyğun hərəkət edirlər. Biz aydın seçim etməliyik: “Qarabağ hərəkatı”nı davam etdiririk, yoxsa yox? Davam etdiririksə, bu, yeni müharibə deməkdir, başqa cür ola bilməz. Xalq seçkilər vasitəsilə deməlidir ki, “Qarabağ hərəkatı”nı davam etdirəcək, yoxsa yox. “Vətəndaş Müqaviləsi” partiyası “Qarabağ hərəkatı”nın davam etdirilməməli olduğunu açıq deyən yeganə siyasi qüvvədir, ikinci belə qüvvə yoxdur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az