Ordu.az xəbər verir ki, bunu İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami erməni siyasi elmlər doktoru, professor Vahe Davtyana verdiyi müsahibədə deyib.
“Onlar ümid edirdilər ki, bununla İran dövlət sisteminin belini qıracaqlar və İran təslim olacaq. Lakin gördüyünüz kimi, İran böhran vəziyyətinə düşmədi, siyasi, inzibati və müdafiə sistemləri dağılmadı. İran əvvəlcədən hesablanmış strategiya çərçivəsində ilk növbədə cavab zərbələrinin hədəfi kimi regiondakı Amerika hərbi bazalarını seçdi. Məqsəd ABŞ hücumlarının potensialını və imkanlarını maksimum dərəcədə azaltmaq idi. Biz bu məqsədə böyük ölçüdə nail olduq.
Regionda Amerika tərəfindən yüz milyonlarla, bəzi qiymətləndirmələrə görə isə trilyonlarla dollar xərclənərək yaradılmış hərbi bazaların böyük hissəsi məhv edildi və ya zərərsizləşdirildi. İsrail rejiminə qarşı isə İran əvvəlcə genişmiqyaslı raket zərbələri endirdi, pilotsuz uçuş aparatları da bu prosesə əlavə komponent kimi qoşuldu. Məqsəd İsrailin müdafiə sistemlərini öyrənmək və onları zərərsizləşdirmək idi.
Sonrakı mərhələlərdə İsrailin müdafiə və müşahidə sistemlərinin böyük hissəsi sıradan çıxarıldı. Hazırda İran raketlərinin dəqiqlik göstəricisi kifayət qədər yüksəkdir və İsrail rejimi real böhran vəziyyətindədir. Bizim ölkəmizdə, böyük bir ölkə olan İranda insanlar küçələrdə fəal şəkildə iştirak edirlər. Yəqin ki, siz də görmüsünüz ki, gecələr daim partlayış və raket səsləri eşidilməsinə baxmayaraq, insanlar ölkənin müdafiəsinə dəstək vermək üçün toplaşırlar. Eyni zamanda İsraildə hamı sığınacaqlarda və zirzəmilərdədir, həyat demək olar ki, dayanıb”. – deyə o qeyd edib.
Səfir bildirib ki, digər tərəfdən, İran aqressiv tərəflər üçün hücumların qiymətini daha da artırmaq məqsədilə Hörmüz boğazından İranın icazəsi olmadan heç bir neft tankerinin keçməsinə imkan vermir.
“Bu isə aqressorlar üçün enerji sahəsində əlavə xərclər və problemlər yaradır. Yaranmış bu balans məncə İranın məğlub tərəf kimi təqdim oluna biləcəyi bir mənzərə yaratmır. İran bütün gücü ilə ayaqdadır, onun müdafiə strategiyası və hesablamaları tam dəqiqdir. Ümid edirik ki, aqressorlar sonda o qədər böyük xərclərlə üzləşəcəklər ki, fəaliyyətlərini dayandırmağa məcbur olacaqlar.
Biz təbii olaraq qonşularımızın, o cümlədən Ermənistanın təhlükəsizliyi ilə bağlı da narahatıq və bütün səylərimiz dost ölkələrin bu vəziyyətin nəticələrini hiss etməməsinə yönəlib”, - deyə Şirğolami bildirib.
O qeyd edib ki, ABŞ danışıqlarda səmimi olmayıb.
“Keçmiş danışıqlara baxaraq deyə bilərik ki, Amerika bu danışıqlarda səmimi olmayıb. Onların gözləntilərinin və istəklərinin heç bir həddi yox idi. Danışıqlarda iştirak edən cənab Uitkoff və cənab Kuşner İran tərəfinin təkliflərini pərdəarxasında yaxşı və cəlbedici adlandırırdılar. Lakin paytaxta qayıtdıqdan sonra ya bu təklifləri düzgün təqdim etmək üçün kifayət qədər səmimi olmadılar, ya da müxtəlif faktorlar və lobbi qrupları vəziyyəti elə təhrif etdilər ki, guya İran heç bir güzəştə getmək istəmir.
Geriyə baxdıqda deyə bilərik ki, bu danışıqların bütün prosesi Amerikanın böyük bir yalanı idi. Məhz buna görə İran bu gün atəşkəslə bağlı müxtəlif mesajlar alsa da, ABŞ-yə etibar edə bilmir. Çünki danışıqlar zamanı Amerika səmimi mövqe tutmamışdı və əslində heç vaxt həll yolu axtarmırdı. Biz çox yaxşı xatırlayırıq ki, danışıqlar davam etdiyi müddətdə ABŞ İran ətrafında hərbi qüvvə və silahlarını toplayırdı. Bu isə onu göstərir ki, Amerika üçün danışıqlar sadəcə müharibə strategiyasının bir hissəsi idi”, - deyə o qeyd edib.
Səfir deyib ki, İran cəmiyyətini başa düşmək üçün İran sivilizasiyası və iranlıların mentaliteti haqqında dərin bilik lazımdır.
“Qərb məhz burada səhv edir. İran cəmiyyətində geniş qəbul olunmuş fikir budur ki, ölkənin dini lideri imperalizmə və zorakılığa qarşı mübarizə yolunda keçirdiyi ömürdən sonra 86 yaşında düşmənin aqressiyası nəticəsində kişi kimi həlak oldu. O, yataqda ölmədi, qəhrəmancasına öldü.
Şiə mədəniyyətində belə epik ölüm təsəvvürü Aşura hadisələri və İmam Hüseynin şəhidliyi ilə sıx bağlıdır. Bizim dini liderimizin ölümü də bu epik anlayışın davamı kimi qəbul olunur. Onun ölümündən sonra cəmiyyət daha da birləşdi və düşmənin başqa ölkənin liderini öldürəcək qədər amansız olduğunu daha yaxşı anladı.
İranın siyasi sistemi düşmənlərin gözləntilərinin əksinə olaraq dağılmadı. Hətta müharibə və təhlükəsizlik baxımından çətin şəraitdə belə yeni dini lider Ekspertlər Şurası tərəfindən qanuni mexanizmlərlə seçildi. Lakin bir dəyişməz ideya var: İran öz müstəqilliyini heç bir gücə satmayacaq və xarici siyasətində öz suveren hüquqlarından imtina etməyəcək”, - deyə o bildirib.
Şirğolami iddia edib ki, İran heç bir qonşu ölkəyə hücum etməyib.
“Əvvəlcə qeyd etməliyəm ki, İran heç bir qonşu ölkəyə hücum etməyib. Hədəf yalnız ABŞ-nin regiondakı hərbi bazalarıdır. Beynəlxalq hüquqa görə bu bazalar cavab zərbəsi üçün qanuni hədəflər sayılır. Biz onları ABŞ-nin yurisdiksiyasında olan obyektlər hesab edirik.
Əgər Qərb iddia edirsə ki, bu zərbələr strateji nəticə verməyib, bu, əslində onların həmin ölkələrin təhlükəsizliyinə laqeyd yanaşdığını göstərir. Bu ölkələr illərlə ABŞ-dən bahalı silahlar alaraq təhlükəsizliklərini “satın almağa” çalışıblar. Lakin bu gün görürlər ki, nəticədə yalnız qeyri-sabitlik əldə ediblər.
İranın klassik mənada müttəfiqləri yoxdur. Biz mürəkkəb regionda yerləşən xüsusi bir ölkəyik. Rusiya və Çin bizim mühüm tərəfdaşlarımız və dostlarımızdır. İqtisadi, siyasi və müdafiə sahələrində əməkdaşlıq edirik. Lakin İran heç bir ölkədən müharibədə birbaşa iştirak gözləmir.
Bununla yanaşı, İranın böyük potensialı var. Dost ölkələrin texnoloji və digər sahələrdə müəyyən dəstəyi olub və bu qismən həyata keçirilib. Lakin İran bu müharibədə öz gücünə arxalanır.
İran hazırda özünü müdafiə edir. ABŞ və sionist rejim ölkəmizə qarşı amansız hücumlar həyata keçirib. Dünya anlamalıdır ki, əgər qeyri-sabitlik və aqressiya olarsa, bunun mənfi nəticələri hamıya təsir edəcək.
Hörmüz boğazı İranın nəzarətindədir. Əgər bizə qarşı aqressiya davam edərsə, bu aqressiyanı həyata keçirən qüvvələrin regionun enerji imkanlarından istifadə etməsinə icazə verməyəcəyik. Buna görə də İran bəyan edib ki, İranın icazəsi olmadan heç bir neft tankeri Hörmüz boğazından keçə bilməz”, - deyə o qeyd edib.
Səfir bildirib ki, ABŞ-nin hərəkətləri beynəlxalq sistemdə qeyri-sabitlik yaradır.
“Hətta Amerikanın yaxın müttəfiqi olan Avropa ölkələri bunu artıq hiss edir. Trampın davranışı və qanunsuz hərəkətləri dünya miqyasında narazılıq doğurur.
İrana qarşı aqressiya və İranın özünümüdafiəsi barədə danışarkən qeyd etməliyəm ki, bizim bütün səylərimiz region ölkələrinin, xüsusilə də İranın şimalındakı ölkələrin, o cümlədən dostumuz Ermənistanın bu hadisələrdən zərər görməməsinə yönəlib.
Xoşbəxtlikdən Ermənistan ərazisində ABŞ və ya İsrailin hərbi bazaları yoxdur və münasibətlərimiz qarşılıqlı etimada əsaslanır. Regiondakı digər ölkələrə isə xəbərdarlıq etmişik ki, onların ərazilərindən İrana qarşı heç bir aqressiyaya imkan verilməməlidir.
Qələbə nisbidir. Əgər ABŞ və “sionist rejim”in İrana hücum edərkən qarşılarına qoyduqları məqsədlərə baxsaq, artıq demək olar ki, İran qalibdir. Onların məqsədi İranın dağılması, ölkənin işğalı, siyasi sistemin dəyişdirilməsi və xaos yaratmaq idi. Bu məqsədlərin heç biri baş tutmayıb.
İran möhkəm dayanır, cavab zərbələri endirir və özünü müdafiə edir. ABŞ tarixdə ən güclü hərbi qüvvəyə malikdir, İsrail isə tam militarizə olunmuş sistemdir. Buna baxmayaraq, İran demək olar ki, təkbaşına mübarizə aparır.
Bu şəraitdə belə, düşmən məqsədlərinə çatmayıb və onların xərcləri hər gün artır. Biz qətiyyətliyik ki, İran bu müharibədən məğlub ölkə kimi çıxmayacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az