Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
İstintaq müəyyən edib ki, Göyçə vilayətinin sakini oğluna üç il müddətinə məcburi hərbi xidmətdən möhlət almaq üçün eyni vilayətin başqa bir sakininin vasitəçiliyi ilə həmin vəzifəli şəxslə razılıq əldə edib. O, məsələnin həlli üçün 2025-ci ilin iyulunda 11 min ABŞ dolları məbləğində rüşvət tələb edib.
Bundan əlavə, istintaq zamanı həmin vəzifəli şəxsin vətəndaşların xeyrinə digər qanunsuz hərəkətlər, yəni təlim toplanışlarında iştirak etməmək üçün şərait yaradılması və bu prosesə kömək göstərilməsi halları da aşkar edilib.
Belə ki, nazirlik rəsmisi qanunda nəzərdə tutulmuş əsaslar olmadan vətəndaşın təlim toplanışlarında iştirak etməməsini təşkil etmək müqabilində ondan 1 milyon dramdan artıq dəyərində müxtəlif mallar alıb. Digər bir halda isə başqa vəzifəli şəxslə əvvəlcədən razılaşaraq səlahiyyətlərini sui-istifadə edib və tanışının təlim toplanışlarından yayınmasına kömək etmək üçün həmin vəzifəli şəxsi saxta tibbi rəy tərtib etməyə sövq edib.
Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsinə Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi, 435-ci maddəsinin 2-ci hissəsinin 2-ci və 3-cü bəndləri, 441-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi, 46-445-ci maddəsinin 1-ci hissəsi və 46-462-ci maddəsinin 1-ci hissəsi (iki epizod) üzrə ittiham irəli sürülüb. Onun barəsində qətimkan tədbiri kimi ev dustaqlığı seçilib. Daha üç nəfərə də ittiham irəli sürülüb.
Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və işin materialları ittiham aktı ilə birlikdə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az