FT: ABŞ İranla bağlı əməliyyat səbəbindən ən vacib sursat ehtiyatlarını tükəndirib

2026/03/1773381444.jpg
Oxunub: 393     09:59     13 Mart 2026    
ABŞ-nin İran əleyhinə hərbi əməliyyatların başlanmasından bəri illər ərzində topladığı ən vacib sursat ehtiyatlarını tükətdiyi iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ arsenalının sürətlə tükənməsi “Tomahawk” qanadlı raketlərini də əhatə edir.

“Bu, “Tomahawk” raketlərinin çox böyük miqdarda xərclənməsi deməkdir. Hərbi dəniz qüvvələri bu xərclərin təsirini bir neçə il hiss edəcək”, - deyə qəzet ABŞ silahlı qüvvələrinin sursat istifadəsi ilə tanış olan mənbədən sitat gətirib.

Qeyd olunur ki, hərbi xərclərin artması ABŞ administrasiyası üzərində təzyiqi daha da gücləndirəcək. Çünki İsraillə birlikdə İrana qarşı başlanan hərbi əməliyyat Hörmüz boğazından keçən gəmilər üçün çətinliklər yaradıb və neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı qalxmasına səbəb olub.

FT-nin məlumatına görə, Pentaqon yaxın günlərdə Ağ Evə və Konqresə 50 milyard dollara qədər əlavə müdafiə maliyyəsi ayrılması üçün rəsmi müraciət təqdim edəcək.

Senator Liza Murkovski bildirib ki, Pentaqon Konqreslə əməkdaşlıq etməli və tələb olunan məlumatları və əsaslandırmanı təqdim etməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi əməliyyatlar üçün əlavə maliyyə ayrılması ilə bağlı istənilən qanun layihəsi Nümayəndələr Palatasında və Senatda fikir ayrılığı ilə qarşılaşa bilər.

Qəzetin vəziyyətlə tanış mənbəyə istinadən yazdığına görə, ABŞ silahlı qüvvələri yaxın günlərdə Konqresə xərclənmiş sursatın miqdarı barədə məlumat verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin