“İrəvan seçkiqabağı dövrdə Rusiya haqqında bütün xatırlatmaları silmək üçün Moskvanın yardımından imtina edir” - Zaxarova

2024/07/1721812829.jpg
Oxunub: 369     17:54     12 Mart 2026    
“İrəvanın Qarabağdan (könüllü-red.) köç etmiş şəxslər üçün Rusiyadan növbəti humanitar yardım partiyasının çatdırılmasına razılıq verməməsi üçün irəli sürdüyü əsaslandırma cavablardan daha çox suallar doğurur”.

Ordu.az xəbər verir ki, bu barədə martın 12-də keçirilən ənənəvi brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, tamamilə xeyriyyə xarakterli və heç bir siyasi məna daşımayan humanitar yardımdan İrəvanın imtina etməsi hakimiyyətin seçkiqabağı istəyi ilə bağlıdır və məqsəd Rusiya haqqında bütün xatırlatmaları aradan qaldırmaqdır.

O xatırladıb ki, Rusiya heç vaxt Qarabağdan köç etmiş insanları “dəstəksiz və köməksiz qoymayıb”.

“Bu yardım çərçivəsində Qarabağdan Ermənistana köçürülmüş 7000 ailəyə 140 ton humanitar yük, ərzaq məhsulları, ilk zəruri ehtiyac malları və xüsusi uşaq dəstləri təqdim olunub.

Əsas ehtiyacların təmin olunması insanlara, eləcə də Ermənistan hakimiyyətinə daha ciddi problemlərin həllinə daha çox diqqət yetirməyə imkan verirdi. Mənzil təminatı, məşğulluq, sosial reinteqrasiya. Bu, əlbəttə ki, yerli hakimiyyətin müstəsna səlahiyyətidir və məhz həmin humanitar yardım da, digər məsələlərlə yanaşı, onların prioritet məqsədlərə diqqət yetirməsinə kömək etməli idi”, - deyə Rusiya XİN nümayəndəsi bildirib.

Mariya Zaxarova İrəvanın humanitar yardımdan imtina etməsi ilə bağlı təqdim etdiyi əsaslandırmanı da sitat gətirib: “Sitatın əvvəli: Seçkiqabağı dövrdə Ermənistanın hüquqi normaları ianələrin, eləcə də xeyriyyə yardımının göstərilməsini məhdudlaşdırır. Sitatın sonu”.

Zaxarovanın sözlərinə görə, Ermənistanın Seçki Məcəlləsinə əsasən, belə məhdudiyyətlər yalnız adı hansısa şəkildə, məsələn, seçkilərdə iştirak edən partiyaların adları ilə əlaqəli ola bilən qurumlara tətbiq olunur. “Üstəlik, bunun müzakirə olunan vəziyyətlə nə əlaqəsi var? Axı beynəlxalq və ya xeyriyyə təşkilatlarına yalnız və yalnız təşviqat aparmaq qadağan olunur. Təşviqatla humanitar yardımın bir-biri ilə nə əlaqəsi var?”, - deyə o bildirib.

Onun sözlərinə görə, bunun hər hansı şəkildə təşviqatla əlaqəli olduğunu düşünmək sadəcə mümkün deyil.

“Aydındır ki, İrəvanın tamamilə xeyriyyə xarakterli və heç bir siyasi məna daşımayan humanitar yardımdan imtina etməsi hakimiyyətin seçkiqabağı istəyi, belə demək mümkündürsə, sözün əsl mənasında, Rusiya haqqında bütün xatırlatmaları təmizləmək ilə bağlıdır.

Onlar kimə pislik edirlər? Elə öz vətəndaşlarına… Onlar həqiqətən buna ehtiyac duyurlar və həmişə bu yardımı alıblar. Bilirsiniz, bütün bu vəziyyət məndə belə bir sual yaradır: bəs həmin 140 ton yardımı alan və onu yenidən almaq istəyən insanlara bu necə izah olunacaq? Guya Rusiya yardım göstərməkdən imtina edib? İstəməyib? Yoxsa necə? Bununla bağlı da nəsə uyduracaqlar? Buna ehtiyac yoxdur. O zaman necədirsə elə deyin: sadəcə siz özünüz bundan imtina etmisiniz. Niyə? Artıq özünüz düşünün bunu necə izah edəcəksiniz”, - deyə Rusiya XİN nümayəndəsi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan  


Bizi "telegram"da izləyin