Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.
Papuaşvili deyib: “Onlar münasibətlərin bərpası üçün hansı addımların atılmalı olduğunu bilirlər. Birincisi, onlar Gürcüstanda hakimiyyəti devirməyə yönəlmiş cəhdlərdən imtina etməlidirlər. Bu, vacib şərtdir, çünki biz Brüsselin antidemokratik cəhdlərini qəbul etməyəcəyik”.
Gürcüstan parlamentinin sədri əlavə edib ki, Avropa İttifaqı həmçinin Gürcüstanda müxtəlif təşkilatların gizli maliyyələşdirilməsindən də imtina etməlidir. Onun sözlərinə görə, Brüssel anti-gürcü ritorikasını dayandırmalı və ölkəyə qarşı yönəlmiş təbliğatın maliyyələşdirilməsi və dəstəklənməsindən imtina etməlidir.
2024-cü ilin mayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib. Bundan sonra ölkənin Avropa İttifaqı və ABŞ ilə münasibətləri pisləşməyə başlayıb.
Avropa İttifaqı dəfələrlə Gürcüstan hakimiyyətini bu qanundan imtina etməyə çağırsa da, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının liderləri qanunun məqsədinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının maliyyə axınlarının şəffaflığını təmin etmək olduğunu bildirirlər. Onların iddialarına görə, həmin təşkilatlardan bəziləri Gürcüstanda inqilab təşkil etməyə cəhd göstərib.
Alpər Mövludoğlu
Ordu.az