Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Mən sülhdən danışmışam, bildiyim qədərilə Azərbaycan Prezidenti də sülhdən danışıb. Nisbi sabitlik başqa məsələdir, sülh isə başqa.
Sülh sazişinin imzalanması ehtimalına gəlincə, artıq dediyim kimi, bu istiqamətdə sakit, aramlı və təmkinli diplomatik iş aparılır. Mən şübhə etmirəm ki, bu saziş imzalanacaq. İndi imzalanacaq, apreldə, mayda, yoxsa sentyabrda imzalanacaq, bu, artıq ikinci məsələdir, amma imzalanacaq.
Hazırda Azərbaycanın və Ermənistanın mövqelərinin üst-üstə düşməsi çox aydındır. Hətta sülh sazişi imzalanmasa belə, sülhün artıq bərqərar olduğu fikri formalaşıb”, - deyə Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, hazırda sülhün geri çevrilməsinin mümkünsüzlüyündən danışılır və bu baxımdan həm Ermənistanda, həm də Azərbaycanda daxili siyasi proseslər vacibdir.
“Ermənistanda da, güman edirəm ki, Azərbaycanda da sülhdən o qədər də razı olmayan qüvvələr var və onlar sülhü geri çevirməyə çalışa bilərlər. Biz, Ermənistan vətəndaşları bərqərar olmuş sülhə sahib çıxmalı və onu geri dönməz etməliyik”, - deyə Paşinyan qeyd edib.
Kommunikasiyaların açılması məsələsinə toxunan Paşinyan bildirib ki, işlər davam edir və proses aktiv şəkildə irəliləyir. O vurğulayıb ki, Türkiyə və Azərbaycanda Ermənistanın prosesi uzatmağa çalışa biləcəyi barədə müəyyən təsəvvürlər olduğunu anlayır.
“Niyə biz prosesi uzatmağa çalışaq? Əksinə, istəyirik ki, bu məsələ mümkün qədər tez həll olunsun. Çünki bu, bu gün və gələcək üçün təsəvvür etdiyimiz arxitekturanın həyata keçirilməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Biz Kornidzordan Arazdəyən istiqaməti ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyə hazırıq. Bu təklifi ona görə irəli sürürük ki, hazırda faktiki olaraq Azərbaycanın dəmir yolundan istifadə edirik və istəmirik ki, bu istifadə birtərəfli olsun. İstəyirik ki, addıma qarşı addım prinsipi ilə biz də öz addımımızı ataq.
Bir dəfə Türkiyə-Azərbaycan kommunikasiyasını təklif etmişdik, indi isə Kornidzor-Arazdəyən bağlantısını təklif edirik. Xüsusilə də İranda baş verən hadisələr fonunda cənub marşrutu ilə bağlı problemlər var.
Arazdəyən hissəsində bir qədər təmirə ehtiyac var, amma hətta təmir olmadan belə avtomobil bu gün də gəlib keçə bilər. Əgər uyğun hesab olunsa, İcevan-Qazax istiqaməti ilə də əlaqəni təmin edə bilərik”, - deyə Paşinyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az