Ordu.az xəbər verir ki, bunu bu gün hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin “Ermənistanda heç bir prezident dövründə sizin hakimiyyətinizdə olduğu qədər müharibə və itki olmayıb” fikrinə cavab verərkən deyib.
“Əvvəlki dövrün bütün strategiyası belə idi: qoy daha 30 il bu vəziyyət uzana-uzana, tükənə-tükənə yarım dövlətdən dörddəbir dövlətə çevrilə-çevrilə davam etsin. Bütün bunların nəticəsində Ermənistan müstəqillik əldə edib və mən demişəm ki, bu gün Ermənistan heç vaxt olmadığı qədər dövlətdir, heç vaxt olmadığı qədər müstəqildir, heç vaxt olmadığı qədər suverendir, heç vaxt olmadığı qədər sülh içindədir, heç vaxt olmadığı qədər inkişaf edib və heç vaxt olmadığı qədər böyük perspektivlərə malikdir.
Bilirsiniz, heç nə pulsuz verilmir, dövlət də pulsuz verilmir. Siz deyirsiniz zəmanət, zəmanət. Bəs niyə demirsiniz ki, Cermuk və digər hadisələri xatırladığınız vaxt hamı heyranlıqla və ehtirasla zəmanət verirdi? O vaxt bizim zəmanətimiz var idi, sizin dediyiniz əvvəlki rəhbərlərin dövründə formalaşdırılmış, imzalanmış, ratifikasiya olunmuş, and içilmiş təhlükəsizlik zəmanətləri var idi. Bəs həmin təhlükəsizlik zəmanətləri niyə işləmədi?”, - deyə Paşinyan qeyd edib.
Jurnalistin “Onlar 30 il işləyib” sözlərinə Ermənistan Baş naziri belə cavab verib: “30 il Ermənistanın dövlət olmaması hesabına işləyib, 30 il Ermənistanın vassal olması hesabına işləyib və əslində işləməyib, çünki 30 il ərzində sərhəddə itkilərimiz olub.
2025-ci il müstəqillikdən etibarən ilk təqvim ilidir ki, açılan atəş nəticəsində nə ölənimiz, nə də yaralananımız olub. Biz minlərlə itki vermişik və bu gün bəli, sülh var və Ermənistan xalqı bu sülhə sahib çıxmalıdır”.
Alpər Mövludoğlu
Ordu.az