Ordu.az xəbər verir ki, bu sualla bu gün Ermənistan hökumətində jurnalistlərdən biri Baş nazir Nikol Paşinyana müraciət edib.
Sual Paşinyanın ayin zamanı “artsax respublikası” (ləğv edilmiş qondarma qurum-red.) ifadəsinin səsləndirilməsinin müharibəyə çağırış olduğunu deməsi ilə bağlı olub.
Cavab olaraq Paşinyan bildirib: “Mən çox aydın dedim ki, bir dövlət daxilində iki xarici siyasət ola bilməz. İnsanlar deyə bilər ki, Qarabağdandır, Vandandır, Muşdandır, Moskvadandır, Berlindəndir, bilmirəm, Minvodidəndir. Bunun mənim dediyim mövzu ilə nə əlaqəsi var? İnsan istədiyini deyə bilər. Söhbət dövlət vəzifəlisinin rol bölgüsündən və siyasi qiymətləndirmədən gedir.
Mən deyirəm ki, kilsə kürsüsündən deyirlər: “artsax respublikasına xeyir-dua ver”. Burada mən hüquqi yox, siyasi qiymət verirəm. Mən deyirəm ki, Ktriç Nersisyan (II Qaregin-red.) Ermənistanda “müharibə partiyası”nın rəhbərliyini üzərinə götürüb.
Mən bunu başqa baxımdan da deyirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin ayinində “sülh” sözü 40 dəfədən çox işlədilir, üstəlik dörd-beş dəfə xüsusi vurğulanaraq “Tanrı, dünyaya sülh ver” deyilir. Bu da həmin insanların mənəvi xidmətlə ümumiyyətlə əlaqəsi olmadığının daha bir nümunəsidir”.
Qondarma “Soyqırımı Muzeyi-İnstitutu”nun direktorunun ABŞ-nin vitse-prezidentinə Qarabağ mövzusu ilə bağlı kitab hədiyyə etdiyi üçün vəzifədən azad edilməsi barədə suala isə Paşinyan belə cavab verib: “Mərasim hədiyyəsi kimi Qarabağ münaqişəsi mövzusunda kitab vermək siyasi təxribatdır, belə şey ola bilməz. Yəni hədiyyə verməyə başqa şey yoxdur? Biz hədiyyə verə bilmirik, qorxuruq, başqa məmurun vasitəsilə verməliyik?
Baxın, dövlət protokolu var, bəsdir ölkəmizə özfəaliyyət dərnəyi kimi yanaşdıq. Mən buna icazə verə bilmərəm, çünki dövlətin bir nömrəli məsul şəxsiyəm”.
Alpər Mövludoğlu
Ordu.az