Ordu.az xəbər verir ki, bunu bu gün hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması məsələsinə toxunarkən bildirib.
“Dünən Avropa Parlamentinin tribunasından da dedim ki, Azərbaycanda və Türkiyədə belə bir fikir var ki, Ermənistan prosesi uzatmağa çalışa bilər. Ermənistan niyə bunu uzatmağa çalışsın? Əksinə, biz istəyirik ki, bu məsələ mümkün qədər tez həll olunsun, heç bir mübaliğəsiz, dəqiqələrlə tez həll olunsun, çünki bu, bu günümüz və gələcəyimiz üçün təsəvvür etdiyimiz arxitekturanın həyata keçirilməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Bir daha təsdiqləmək istəyirəm ki, biz Kornidzordan Arazdəyən xətti ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyə hazırıq. Biz bu təklifi niyə edirik? Çünki hazırda biz faktiki olaraq Azərbaycanın dəmir yolundan istifadə edirik və istəmirik ki, bu istifadə birtərəfli olsun. İstəyirik ki, uyğun addım qarşılığında biz də öz addımımızı ataq.
Bir dəfə Türkiyə-Azərbaycan kommunikasiyası təklif etmişdik, indi isə Kornidzordan Arazdəyən istiqaməti ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında və əks istiqamətdə əlaqənin təmin edilməsini təklif edirik. Xüsusilə də İran İslam Respublikasında baş verən hadisələr fonunda görünür ki, cənub marşrutu ilə bağlı müəyyən problemlər var”, - deyə Ermənistan Baş naziri qeyd edib.
Paşinyan həmçinin bildirib: “Üstəlik, biz bu marşrutu niyə təklif edirik? Çünki başqa marşrut yoxdur, hazır başqa yol yoxdur. Əgər uyğun hesab olunsa, İcevan-Qazax hissəsi vasitəsilə də bu əlaqəni təmin edə bilərik.
Biz bunu ilk növbədə sülhün möhkəmləndirilməsi məntiqi ilə təklif edirik. Bu gün biz faktiki olaraq Azərbaycanın dəmir yolundan istifadə edirik. Elə olmasın ki, biz Azərbaycanın dəmir yolundan istifadə edək, amma düşünək ki, onlar bizim yollarımızdan istifadə etməməlidirlər. Xeyr, biz belə düşünmürük, düşünürük ki, istifadə etməlidirlər”.
Alpər Mövludoğlu
Ordu.az