Fars körfəzində, İraqın Bəsrə limanı yaxınlığında iki neft tankerində partlayışlar baş verib.
Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İraq liman şirkətinin icraçı direktoru CNN-ə bildirib ki, iki xarici neft tankerinin 38 ekipaj üzvü xilas edilib, lakin azı bir nəfər həlak olub.
İran hücuma görə məsuliyyəti üzərinə götürərək bildirib ki, “bu axşam sualtı pilotsuz uçuş aparatı Fars körfəzində iki neft tankerini partladıb”. Bu barədə İranın dövlət yayımçısı IRIB məlumat yayıb.
Bundan əvvəl Bəsrədəki iraqlı təhlükəsizlik mənbəyi CNN-ə demişdi ki, ehtimal olunur, iki gəmiyə İranın partlayıcılarla yüklənmiş qayığı hücum edib.
Əl-Fartusinin sözlərinə görə, hücumdan sonra İraqın neft limanları fəaliyyətini dayandırıb. İraqın Birləşmiş Əməliyyatlar Komandanlığının sözçüsü Səad Maan bildirib ki, hücum İraqın ərazi sularında baş verib. Maan bunu ölkənin suverenliyinin pozulması adlandırıb.
CNN tərəfindən təsdiqlənmiş videoda iki neft tankerinin alova büründüyü görünür, alov isə ehtimal ki, neft sızması nəticəsində suyun üzərinə yayılır.
Gəmilərin izləmə məlumatları göstərir ki, hücum zamanı tankerilər bir-birinin yanında lövbər salmış vəziyyətdə olublar.
Bunlar Maltanın bayrağı altında üzən “Zefyros” tankeri və Marşal adalarının bayrağı altında üzən “Safesea Vishnu” tankeridir. “Safesea Vishnu” ABŞ-nin “Safesea Transport Inc.” şirkətinin adına qeydiyyatdan keçib, “Zefyros” isə yunan şirkətinə məxsusdur.
İraqın neft marketinqi üzrə SOMO şirkəti bildirib ki, gəmilərə hücum “İraqın ərazi sularında yerləşən yan yükləmə zonasında” baş verib. Şirkətin məlumatına görə, “Zefyros” Xor əl-Zubeyr limanına daxil olmağa hazırlaşırdı və “Basra Gas Company” üçün kondensat daşıyırdı.
Dünən isə Fars körfəzində iki quru yük gəmisi və bir konteyner gəmisi hücuma məruz qalıb.
Sevinc Əliyeva
Ordu.az