Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ermənistanda AES-in tikintisini kimə həvalə etmək istəyirlər? Hakimiyyət ABŞ variantına xüsusi meyilli deyil” başlıqlı məqaləsində yazıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Paşinyan Parisdə keçirilən Nüvə Enerjisi Sammitində iştirak edərkən bu məsələləri Fransa prezidenti ilə müzakirə edib, baxmayaraq ki, rəsmi məlumatda bu barədə heç nə qeyd olunmayıb.
“Qeyd edək ki, sammitdə Nikol Paşinyan yenidən bildirib ki, “Metsamor” AES-in istismar müddəti başa çatdıqdan sonra Ermənistan kiçik modul reaktor texnologiyasına keçmək qərarı verib.
O həmçinin xatırladıb ki, modul reaktorların tikintisi daha qısa vaxt tələb edir və onların gücünü mərhələli şəkildə artırmaq mümkündür ki, bu da Ermənistanın elektrik şəbəkələrinin ehtiyaclarına daha yaxşı uyğun gəlir. Ermənistan hakimiyyəti indiyədək modul atom stansiyası məsələsində yayınır və stansiyanın tikintisini kimə etibar edəcəyi ilə bağlı dəqiq cavab vermir. Əsas intriqa isə Ermənistanın hansı ölkənin istehsalı olan reaktorları seçəcəyidir. Paşinyan sammitdəki çıxışında da bu məsələyə aydınlıq gətirməyib”, - deyə nəşr bildirib.
KİV-ə görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvanda saziş imzalandıqdan sonra bildirib ki, Ermənistan və ABŞ mülki nüvə əməkdaşlığı ilə bağlı danışıqları başa çatdırıblar.
“Bundan sonra Ermənistan hakimiyyəti atom stansiyası məsələsində ABŞ, Rusiya, Fransa və Cənubi Koreya ilə danışıqlar apardıqlarını bildirməyə davam edib.
Mənbəmizin sözlərinə görə, Ermənistan hakimiyyəti AES-in ABŞ tərəfindən tikilməsi variantına xüsusi meyilli deyil. Birincisi, bu, Ermənistan büdcəsi üçün daha baha başa gələ bilər, ikincisi, amerikalıların bu sahədə faktiki təcrübəsi yoxdur, nəhayət, bu, xüsusən Rusiya ilə münasibətlərdə siyasi problemlər də yarada bilər”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az