Ordu.az xəbər verir ki, bunu rusiyalı şərqşünas, türkşünas Viktor Nadein-Rayevski deyib.
“Artıq uzun müddətdir ki, Türkiyə və Azərbaycan lider mövqedən çıxış edərək türk dövlətləri təşkilatına üzv ölkələr arasında əməkdaşlığı dərinləşdirir, xüsusilə də Qazaxıstanla münasibətləri genişləndirir və Qərbə Orta Dəhliz layihəsini təklif etməyə çalışırlar.
Yəni bu yaxınlaşma təsadüfi deyil və hansısa insidentlərin nəticəsi də deyil, artıq davam edən siyasətin məntiqi davamıdır. Bütün geosiyasi inkişaflara ümumi tendensiyalar baxımından baxmaq lazımdır. Təsadüfi deyil ki, İran əleyhinə qlobal müharibə başlayıb, bu fonda Türkiyə və Azərbaycan daha da möhkəmlənməyə çalışırlar, eyni zamanda İrana qarşı ehtiyatlı davranırlar. Bu görüşlər və mobilizasiya güc nümayiş etdirmək məqsədi daşıyır”, - deyə ekspert bildirib.
Onun fikrincə, İranın ABŞ və İsrailə qarşı müqaviməti hələ də bir çox prosesləri, o cümlədən Türkiyənin təsirinin dərinləşməsini müəyyən dərəcədə cilovlayır və idarə edir.
Cənubi Qafqaz və Ermənistanla bağlı isə Rayevsk bildirib ki, bu tendensiyalar birbaşa regiona təsir edir və Türkiyə tərəfdaşları ilə birlikdə burada daha da möhkəmlənməyə çalışır.
“Burada Ermənistan üçün həm çağırışlar, həm də imkanlar var. Əsas məsələ odur ki, Azərbaycan hərbi məsələlərdə özünü tək ölkə kimi deyil, türk blokunun bir hissəsi kimi təqdim edə bilər. Naxçıvan Azərbaycan üçün strateji dayaq nöqtəsinə çevrilir. Bu istiqamətdə bəlkə də İrana güc göstərmək üçün birgə hərbi təlimlər başlaya bilər. Bu isə Ermənistanın cənubu üçün yeni vəziyyət yaradacaq.
Əgər İranla gərginlik davam etsə, Ermənistan çətin vəziyyətə düşə bilər: bir tərəfdən İranla əməkdaşlıq zərurəti, digər tərəfdən isə Türkiyə və Azərbaycanın rəhbərlik etdiyi türk blokunun siyasi təzyiqi və regionda təsirinin dərinləşməsi. Çağırışlar hələ də artır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az