Erməni siyasi xadim: “Ermənistan MN təkzib edərkən əslində Tatoyanın bəyanatını təsdiqləyir”

2026/03/Ekran-1773254547.jpg
Oxunub: 361     22:40     11 Mart 2026    
“Ermənistan Müdafiə Nazirliyi təkzib edərkən əslində Arman Tatoyanın bəyanatını təsdiqləyir ki, Azərbaycan silahlı qüvvələri yeni mövqelər yerləşdirib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Birlik Qanadları” təşəbbüsünün üzvü, erməni siyasi xadim Narek Paronyan bildirib.

Daha öncə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bir gün əvvəl video yayımlayaraq bildirmişdi ki, azərbaycanlıların Ermənistan ərazisinə doğru irəliləyişi yoxdur və yeni Azərbaycan mövqeyi onların öz ərazisində yerləşir.

Paronyanın sözlərinə görə, Ermənistanın müdafiə naziri Suren Papikyan yalan danışıb, çünki məhz Müdafiə Nazirliyinin yaydığı videoda yeni mövqenin mövcudluğu qeyd olunur.

“Ermənistan Müdafiə Nazirliyi təkcə “Birlik Qanadları”nın təqdim etdiyi faktları təkzib etmir, həm də Suren Papikyanın özünü təkzib edir və eyni zamanda yeni mövqenin mövcud olduğunu təsdiqləyir. Bu faktdır”, - deyə təşəbbüs üzvü qeyd edib.

Ermənistan Müdafiə Nazirliyi “Google Earth” proqramına toxunaraq bildirmişdi ki, bu proqramda sapmalar var və orada göstərilən sərhəd xəttinin hüquqi əsası yoxdur. “Birlik Qanadları” isə bir neçə il əvvələ qayıdaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 27-də sərhədlərin delimitasiyası ilə bağlı dediyi sözləri xatırlatmağı təklif edir.

O zaman Paşinyan demişdi: “Sərhədin delimitasiyası göz ölçüsü ilə deyil, GPS koordinatları ilə həyata keçirilir”.

“İndi həmin GPS eyni peyk məlumatları ilə işləyir. Nə baş verir? Şurnuxuda insanların evi GPS sayəsində ortadan bölünəndə GPS etibarlı idi və sapma vermirdi. İndi isə, biz onları yalan və saxtakarlıq üstündə tutduğumuz zaman deyirlər ki, GPS və “Google” peykləri etibarlı deyil”, - deyə Paronyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin əsas götürdüyü xəritə hüquqi qüvvəyə malik deyil, çünki Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası aparılmayıb.

“Biz onların xəritəsini peyk şəkilləri ilə müqayisə etmişik və faktiki olaraq görünür ki, mövqe “Ermənistanın suveren ərazisi”ndə yerləşir. Bu mövqe təxminən bir hektar ərazini tutur və tamamilə “Ermənistan ərazisi”nə doğru daxil olub. Biz onların yalanını ifşa etdiyimiz üçün bu insanlar siyasi isteriyaya düşüblər. Deyirlər 100 metr bu tərəf, 100 metr o tərəf... Faktlar dəmirdir və bir daha deyirəm ki, mövqe “Ermənistan ərazisi”ndədir”, - deyə təşəbbüs üzvü bildirib.

Paronyan həmçinin Ermənistan Müdafiə Nazirliyinin yeni mövqenin Zod mədəni, strateji obyektlərə, əkin sahələrinə və yollara təhlükə yaratmadığı barədə açıqlamasını da təkzib edib.

“Strateji obyektlər, Zod yatağı, yollar və əkin sahələri tamamilə azərbaycanlıların müşahidəsi altındadır. Bu, ciddi təhlükəsizlik problemidir. Bu dəfə də onların yalanı və saxtakarlığı ifşa olundu”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ölkənin sərhədlərini və təhlükəsizliyini qorumaq əvəzinə, manipulyativ tezislərlə Ermənistanın yeni ərazi itkilərini əsaslandırmağa çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paronyan   Ermənistan  


Bizi "telegram"da izləyin