Ordu.az xəbər verir ki, mövzuya yaxın mənbə müqavilənin təfərrüatlarını “Reuters” agentliyinə təsdiqləyib.
Bildirilir ki, sözügedən razılaşma İsrail ilə İran arasında davam edən hərbi gərginlik və hücumlarla birbaşa bağlı deyil. “Bloomberg News”un daha əvvəl yaydığı məlumata görə müqavilə çərçivəsində təhvil verilmələrin təxminən 36 ay sonra başlanması planlaşdırılır.
“Boeing” isə “Reuters”in mövzu ilə bağlı suallarına şərh verməyib.
Müqavilə çərçivəsində istehsal olunacaq sursatın “Boeing” tərəfindən hazırlanmış “Small Diameter Bomb” (SDB) ağıllı bomba sistemi olduğu bildirilir. SDB sursatları döyüş təyyarələrindən buraxıla bilən və təxminən 64 kilometrdən çox məsafədən hədəfləri vura bilən dəqiq yönləndirilən bombalar sırasına daxildir.
İsrail Hərbi Hava Qüvvələrinin arsenalında olan döyüş təyyarələri bu sursatlardan istifadə etmək imkanına malikdir.
ABŞ-İsrail müdafiə əməkdaşlığı
ABŞ uzun illərdir İsrailin ən böyük silah tədarükçüsü hesab olunur. İki ölkə arasında müdafiə əməkdaşlığı çərçivəsində ötən il “Boeing” ABŞ Müdafiə Nazirliyi tərəfindən İsrail üçün F-15 döyüş təyyarələrinin istehsalı və təhvil verilməsi ilə bağlı 8,6 milyard dollarlıq müqavilə ilə vəzifələndirilmişdi.
“Reuters”in daha əvvəl yayımladığı xəbərdə isə ABŞ prezidenti Donald Tramp administrasiyasının Konqresi kənarda qoyan fövqəladə səlahiyyətlərdən istifadə edərək İsrailə təxminən 650 milyon dollar dəyərində 20 mindən çox bombanın satışını sürətləndirdiyi bildirilmişdi.
ABŞ Dövlət Departamentinin rəsmiləri həmçinin İsrailin 298 milyon dollar dəyərində əlavə sursat tədarükünü birbaşa kommersiya satışı yolu ilə həyata keçirəcəyini açıqlamışdı.
Digər tərəfdən ABŞ Dövlət Departamenti ilin əvvəlində İsrailə “Apache” hücum helikopterlərini də əhatə edən 6,5 milyard dollardan artıq dəyərdə üç ayrı potensial müdafiə satışına da razılıq vermişdi.
Sevinc Əliyeva
Ordu.az