Rusiyalı analitik: “Mərkəzi hakimiyyət zəifləyərsə, bu, etnik qarşıdurmaların alovlanmasına gətirib çıxara bilər”

2024/09/1725695360.jpg
Oxunub: 414     22:02     11 Mart 2026    
“İranın şimal-qərbində, Urmiya bölgəsində etniklərarası toqquşma riski artır. Son vaxtlar baş vermiş uğursuzluğa baxmayaraq, İrana qarşı ehtimal olunan quru əməliyyatında kürd döyüş dəstələrindən istifadə planları hələ də gündəmdən çıxarılmayıb. Bu barədə İraqın şimalındakı kürd bölgəsində yerləşən “Habat” (“mübarizə”) millətçi təşkilatının lideri Babəşeyx Hüseyni son müsahibəsində bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Fondsk.ru” nəşrinə dərc edilən məqaləsində rusiyalı analitik Andrey Areşev yazıb.

“Onun sözlərinə görə, hazırda heç bir əməliyyat həyata keçirilməsə də, amerikalılar əlaqə saxlayır və əvvəlki kimi kampaniyanın keçirilməsi imkanını nəzərdən keçirirlər. Hüseyni deyib: “Biz uzun müddət hazırlaşmışıq və indi şərait daha əlverişli olduğuna görə hərəkətə keçməyimiz ehtimalı böyükdür”. O əlavə edib: “Hələ yekun qərar verməliyik, amma quru əməliyyatına başlamağımız çox mümkündür”.

Əvvəlcə dini-millətçi şüarlarla çıxış edən bu qruplaşma sonradan “İran Kürdüstanının siyasi qüvvələri koalisiyası”na (İKSKQ) qoşulub. Bu koalisiya müxtəlif partiya və qrupları geniş əsasda birləşdirməyi hədəfləyir. Lakin bu təşkilatların bir sıra əsas məsələlərdə, o cümlədən kürdlərin ABŞ-İsrail hücumunda “döyüş piyada qüvvəsi” kimi istifadə edilməsi məsələsində tamamilə zidd mövqeləri var. Fransada yaşayan, Türkiyə əsilli tanınmış jurnalist Fehim Taştekin də məhz bundan bəhs edir.

Onun sözlərinə görə, münaqişənin istənilən eskalasiyası regionda genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər və “əgər kürd qüvvələri İrana qarşı müharibəyə cəlb edilərsə, bu onlar üçün intihar missiyasına çevrilə bilər”, - deyə Areşev qeyd edib.

O bildirib ki, Ağ Ev kürd qüvvələrinə İranın qərbində fəal hərəkətlər etmələri üçün ciddi təzyiq göstərməkdə davam edir.

“Məlumata görə, Donald Tramp şəxsən kürd liderlərinə zəng edərək hava dəstəyi və muxtariyyət vəd edib. Bu isə, xüsusilə də son vaxtlar Dəməşq və Ankaraya “Fəratın şərqi”nin təhvil verilməsi fonunda olduqca səxavətli təklif kimi görünür.

Bu və əvvəlki təcrübələri nəzərə alsaq, kürd siyasi mühitində Ağ Evin “cazibədar” təkliflərinə münasibətdə vahid mövqenin olmamasına təəccüblənməyə dəyməz. Çünki bu cür planlar həm kürdlər, həm də onların bütün qonşuları üçün yeni fəlakət riski yaradır.

Bəzi qüvvələr sərhədi keçməyə hazır olduqlarını bildirirlər, lakin bir şərtlə: əgər 1991-ci ildən sonra İraqda olduğu kimi “uçuşa qadağan zona” yaradılmasa (Tramp bunu təklif etmir), belə bir hücum “kamikadze missiyası”na çevriləcək”, - deyə rusiyalı analitik bildirib.

Areşev yazıb ki, digər qüvvələr isə heç bir tərəfi açıq dəstəkləmədən neytral mövqe tutmağa çalışırlar.

“Məlumdur ki, Süleymaniyyə bölgəsi uzun müddət İranla sıx əlaqələr saxlamış Cəlal Tələbaniyə bağlı “Kürdüstan Vətənpərvərlər İttifaqı”nın nəzarətindədir.

İraq Kürd Muxtariyyətinin rəhbəri Cəlal Tələbani də bildirib ki, kürdlər müharibəyə qarışmaq niyyətində deyillər. O, martın 6-da “Fox News”a verdiyi müsahibədə belə deyib: “Kürdüstan döyüş meydanı deyil, körpü olmalıdır”. Onun sözlərinə görə, kürdlər öz xüsusi mövqelərindən istifadə edərək gələcəkdə deeskalasiya prosesində rol oynaya bilərlər.

Ərbildə də tələsik şəkildə təkzib edilib ki, Kürd Muxtariyyətinin ərazisində yerləşən silahlı qruplar İrana hücum etməyə hazırlaşırlar.

Bununla yanaşı, martın 7-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “İraqın Kürdüstan bölgəsində separatçı qrupların üç mövqeyinə zərbələr endirildiyini” açıqlayıb. Bildirilib ki, “əgər bu qruplar İranın ərazi bütövlüyünə qarşı hər hansı addım atsalar, biz onları darmadağın edəcəyik”.

Bağdadda, Ankarada və regionun digər paytaxtlarında hadisələr diqqətlə izlənilir. Hamı sərhəd bölgələrində kürd dəstələrinin fəallaşmasından, etnik gərginliyin artmasından və İrandan qaçqın axınının mümkün istiqamətlərə yayılmasından ehtiyat edir.

İraqın baş naziri martın 6-da xəbərdarlıq edib ki, Bağdad ölkə ərazisinin münaqişənin genişlənməsi üçün istifadə olunmasına imkan verməyəcək. İranla 534 kilometrlik sərhədi möhkəmləndirən Türkiyə isə 1990-cı illərin sonunda İranda yaranmış və Türkiyədə qadağan edilmiş PKK ilə əlaqəli “Kürdüstan Azad Həyat Partiyası”nın (PJAK) bu koalisiyada iştirakına xüsusi diqqət yetirir”, - deyə o qeyd edib.

Areşev vurğulayıb ki, son illərdə İraqın şimalındakı bazalardan hücumlar təşkil edən PJAK döyüşçüləri İranın qərbində uzunmüddətli üsyan yarada bilməyiblər.

“2011-ci ildən sonra onların fəaliyyəti əsasən dayanmışdı, lakin vəziyyət yenidən kəskin dəyişə bilər.

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini olmuş Ben Rouds martın 4-də “Pod Save the World” podkastında kürd qruplarının silahlandırılması planlarını “mümkün olan ən pis ideya” adlandırıb.

Türkiyənin xarici işlər naziri və uzun illər kəşfiyyata rəhbərlik etmiş Hakan Fidan isə martın 1-də bildirib: “Müxtəlif baxışlara malik kürd qruplarının birləşdiyini, ittifaqlar qurduğunu və birgə bəyanatlar verdiyini görürük. Biz onları diqqətlə izləyirik, analiz edirik, rejimə qarşı nə qədər mübarizə aparacaqlarını, digər etnik qruplara münasibətlərini, harada olduqlarını və məqsədlərini araşdırırıq”.

Burada İranın şimal-qərb vilayətlərində, türklərlə kürdlərin qarışıq yaşadığı bölgələrdə etnik toqquşma riski barədə açıq eyham görünür.

Urmiya kimi şəhərlərdə (Qərbi Azərbaycan vilayətinin inzibati mərkəzi və bombardman edilmiş şəhərlərdən biri) əhalinin əhəmiyyətli hissəsi türk (azərbaycanlı) mənşəlidir. Döyüşlərin bu ərazilərə yayılması İran daxilində müxtəlif etnik qruplar arasında vətəndaş müharibəsi riskini kəskin şəkildə artırır.

Son illərdə icmalararası gərginlik kütləvi mitinqlər və yürüşlər şəklində də özünü göstərib. Məsələn, 2025-ci ildə Novruz bayramı zamanı keçirilən tədbirlərdə “Urmiya türklərindir və türk olaraq qalacaq” şüarları kürd fəallarının narazılığına səbəb olmuşdu”, - deyə o qeyd edib.

Rusiyalı analitik yazıb ki, hazırda şəhərdə vəziyyət yenidən gərgindir, hər iki tərəfin nümayəndələri küçələrə çıxırlar.

“Mərkəzi hakimiyyət zəifləyərsə, bu, etnik qarşıdurmaların alovlanmasına, silahlı toqquşmaların və qaçqın axınının artmasına gətirib çıxara bilər. Qaçqınların Türkiyə, Ermənistan və Azərbaycana yönəlməsi isə həmin ölkələr üçün ciddi problemlər yarada bilər.

Sosial şəbəkələrdə belə çağırışlara da rast gəlinir ki, əgər İranda “ABŞ-kürd” quru əməliyyatı başlasa, Türkiyə ordusu türk əhalisini qorumaq əsaslandırması ilə Urmiya-Təbriz xəttinə daxil olmalıdır.

Türkiyədə müxalifət partiyaları da tez-tez hökumətin miqrasiya siyasətini tənqid edir və bu məsələni Ərdoğan administrasiyasına qarşı siyasi mübarizədə istifadə edirlər. Ölkədə artıq milyonlarla qaçqın və Suriyadan köçürülmüş insanlar yaşayır. İrandan gələcək yeni miqrasiya dalğası isə vəziyyəti daha da gərginləşdirə bilər.

Lakin görünür ki, Donald Tramp və Benyamin Netanyahu bu kimi “xırda detallar” barədə çox düşünmürlər. Onlar “ayətullah rejimini” məhv etmək məqsədilə kürdləri, türkləri, bəlucları, ərəbləri və digər azlıqları istifadə etməyə, onları böyük geosiyasi oyunda bir növ xırda pul kimi xərcləməyə hazırdırlar”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Areşev   İran  


Bizi "telegram"da izləyin