Ordu.az xəbər verir ki, bunu erməni iranşünas Aşot Badalyan deyib.
“O cümlədən İranın mesajı çox aydındır. Bunu Təhlükəsizlik Şurasının katibi Əli Laricani də ifadə edib. Onlar müharibə şəraitində və Trampın “iclasın keçiriləcəyi binanı bombardman edəcəyik” kimi təhdidlərinə baxmayaraq iclas keçirdilər və ali dini lider seçdilər. Bu həm də başqa bir mesajdır ki, İranda sistem sabitdir və bir şəxsdən asılı deyil.
ABŞ və İsrail düşünürdülər ki, Əli Xameneyini öldürsələr sistem tez bir zamanda dağılacaq. Lakin biz sistemin çökməsini görmədik, o hələ də sabitdir. Xameneyinin öldürülməsindən sonra ölkənin yeni ali dini lideri seçilənə qədər keçid rəhbərlik şurası formalaşdırıldı”, - deyə o bildirib.
Badalyanın sözlərinə görə, İran və ABŞ-nin hərəkətləri ehtimal ki, İranın ali dini liderinin yerləşdiyi yerlərə hava zərbələri ilə məhdudlaşacaq.
“İran tərəfi də şübhəsiz ki, onu qorumaq üçün bütün tədbirləri görəcək. ABŞ və İsrailin imkanlarını da qiymətləndirməmək olmaz, çünki onların qabaqcıl sistemləri var, hətta kosmosdan peyklər vasitəsilə hərəkətləri izləyə bilirlər. Əli Xameneyinin öldürülməsindən sonra Britaniyanın “Daily Mail” nəşri məqalə dərc etmişdi və orada qeyd olunurdu ki, onun yerini müəyyən edə biliblər.
Tehrandakı kameralar vasitəsilə təhlükəsizlik əməkdaşlarının avtomobillərinin hərəkətini, harada dayandıqlarını izləyərək Əli Xameneyinin yerləşdiyi yeri müəyyən edə bilmişdilər. Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının 47 illik tarixində belə vəziyyət heç vaxt olmayıb və bu, ilk dəfədir ki, belə müharibə şəraiti yaranıb, ali dini lider öldürülüb və yenisi seçilib”, - deyə o qeyd edib.
Badalyan bildirib ki, müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq hələ tezdir, çünki ABŞ və İsrail hələ məqsədlərinə çatmayıblar.
“Şərti olaraq müharibə bu gün bitsə belə, sual yaranır ki, bütün bunlar ABŞ və İsrailə nə verdi? Əgər məqsəd Əli Xameneyinin öldürülməsi idisə, indi Müctəba Xameneyi seçilib və o, atasından da daha radikal mövqe tuta bilər.
Nüvə proqramına gəldikdə isə, ötən il Tramp demişdi ki, onu aradan qaldırıblar və artıq İranda nüvə proqramı yoxdur. Bu halda sual yaranır ki, İsrailin məqsədi nə idi? Sistem sabitdir, işləyir, yeni ali dini lider seçilib və ölkədə xaotik vəziyyət yaranmayıb. Belə şəraitdə müharibəni dayandırmaq ABŞ və İsrailin nüfuzuna zərbə olar və onlar bunu anlayırlar. Buna görə də hərbi əməliyyatların tezliklə dayandırılacağını proqnozlaşdırmaq çətindir”, - deyə o qeyd edib.
Erməni iranşünasın sözlərinə görə, ABŞ və İsrail həm bu, həm də ötən ilki hərbi əməliyyatlar zamanı İranda kütləvi etirazların başlayacağını və ölkədə xaos yaranacağını gözləyirdilər.
“Lakin nə keçən il, nə də bu il belə hadisələr baş vermədi. Maraqlıdır ki, bu ilin yanvarında İranda etiraz aksiyaları keçiriləndə Tramp etirazçıları dəstəkləyəcəyini demişdi, lakin onun tərəfindən heç bir real addım atılmadı. Hərbi əməliyyatlar başlayandan sonra isə biz daha çox hakimiyyəti dəstəkləyən yürüşlər, mitinqlər və anti-Amerika, anti-İsrail çağırışları görürük. Yəni ABŞ və İsrailin müharibəyə başlayarkən gözlədikləri nəticələr özünü doğrultmadı və cəmiyyət vahid şəkildə hərəkət etdi”, - deyə o qeyd edib.
Ermənistana bu müharibənin mümkün təsirləri ilə bağlı isə Badalyan bildirib ki, hazırkı mərhələdə nəticələr əsasən iqtisadi xarakter daşıyacaq.
Alpər Mövludoğlu
Ordu.az