Paşinyan: “Ermənistan bu gün Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında avtomobil əlaqəsini təmin etməyə hazırdır”

2026/03/1772619544.jpg
Oxunub: 438     20:05     11 Mart 2026    
“Ermənistan bu gün mövcud infrastruktur vasitəsilə Kornidzor-Gorus-Yeğeqnadzor-Arazdəyən marşrutu üzrə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqəsini təmin etməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il martın 11-də Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib.

“Bu təklifimizin məqsədi Vaşinqton razılaşmalarını hər hansı formada uzatmaq, pozmaq və ya unutdurmaq deyil və bunu rəsmi şəkildə bildirirəm.

Biz bu təklifi ona görə irəli sürürük ki, özümüz də müəyyən alternativ variantlarla Azərbaycanın dəmir yolundan istifadə edirik. Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına bağlantının qurulmasını gözlədiyi kimi, biz də Naxçıvan ərazisi vasitəsilə Ermənistanın cənubu ilə şimalı arasında dəmir yolu əlaqəsinin bərpasını gözləyirik.

Bu dəmir yolu marşrutunun Ermənistan üçün alternativi yoxdur, çünki ölkəmizin dağlıq relyefi cənub ilə şimal arasında başqa formada dəmir yolu əlaqəsi qurmağa imkan vermir.

Gördüyünüz kimi, bu məsələdə Ermənistan və Azərbaycanın gözləntiləri bir-birinə zidd deyil. Onu da qeyd edim ki, biz Gürcüstan-Azərbaycan dəmir yolundan ixrac üçün istifadə etməyə hazırlaşırıq. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixrac istiqamətlərindən birinə çevriləcək. Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir və bu, ölkəmizin bazarında neft məhsullarının qiymətlərinin azalmasına səbəb olub, həmçinin bu sahədə onilliklər ərzində mövcud olmuş monopoliyaları sındırıb”, - deyə o qeyd edib.

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasına və ümumilikdə sülh prosesinə dəstək verdiyinə görə Gürcüstanın Baş nazirinə də təşəkkür edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin