Ordu.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
"Mən Avropa İttifaqının tam həmrəyliyini və Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə təxliyə olunmasında göstərdiyi yardıma görə Azərbaycana səmimi minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır", - Koşta deyib.
Onun sözlərinə görə, son bir il ərzində ölkələr ikitərəfli münasibətləri intensivləşdiriblər.
"Bugünkü görüş xüsusilə təhlükəsizlik, energetika, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində gələcək əməkdaşlığa olan ümumi sadiqliyimizin sübutudur. Hazırda biz Avropa İttifaqı və Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə proqramı (strateji tərəfdaşlıq - red.) üzərində işləyirik", - o qeyd edib.
Koşta əlavə edib ki, tərəflər müdafiə və enerji təhlükəsizliyi sahələrində də əməkdaşlığın dərinləşdirilməsi yollarını axtarırlar:
"Prezident Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi bizim ikitərəfli əməkdaşlığımızın təməl daşıdır. Dörd il əvvəl Avropa İttifaqı Şurası qaz, neft və kömür tədarükü mənbələrini şaxələndirmək barədə qərar qəbul edib. Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan bu prosesdə həlledici rol oynayıb".
Ordu.az