“Ermənistan nə vaxt Aİ üzvü olacaq? Bu yolda ən böyük problem Gürcüstan-Aİ dialoqunun dondurulmuş vəziyyətidir” - Paşinyan

2026/03/1772619544.jpg
Oxunub: 372     17:30     11 Mart 2026    
“2025-ci ilin martında ölkəmizdə Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edilib və bu qanun 2025-ci ilin aprelində qüvvəyə minib”.

Ordu.az xəbər verir ki, bunu bu gün Strasburqda Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib və bunu inanılmaz dəyişiklik adlandırıb.

“Bu, 2023-cü il oktyabrın 17-də bu tribunadan etdiyim bəyanatın siyasi formalaşmasıdır. Həmin bəyanatda demişdim ki, Ermənistan Avropa İttifaqına Aİ-nin mümkün hesab etdiyi qədər yaxın olmağa hazırdır.

İndi həmin qanun qəbul edildikdən sonra Ermənistanda bir çoxları soruşur ki, Ermənistan nə vaxt Avropa İttifaqının üzvü olacaq. Cavabımız aydındır: heç bir ölkə Aİ standartlarına uyğun gəlmədən Avropa İttifaqına üzv ola bilməz. Buna görə də bizim vəzifəmiz avropalı tərəfdaşlarımızın dəstəyi ilə islahatlar yolunu davam etdirmək və əvvəlcə obyektiv şəkildə Avropa İttifaqına üzvlük meyarlarına uyğunlaşmaqdır.

Bu baş verdikdə iki yol var: ya Aİ bizi tamhüquqlu üzv kimi qəbul edəcək, ya da qəbul etməyəcək. Mən bunu belə deyirəm, çünki anlayıram ki, Aİ-nin genişlənməsi və yeni üzvün qəbul edilməsi sadə məsələ deyil və bu həm də siyasi qərardır”, - deyə o qeyd edib.

Paşinyan bildirib ki, əgər Aİ Ermənistanı tamhüquqlu üzv kimi qəbul etsə, çox yaxşı olar.

“Əgər qəbul etməsə də, biz yenə qazanmış olacağıq, çünki Aİ standartlarına tam uyğun ölkə olacağıq.

Lakin açıq deməliyəm ki, hazırda Ermənistanın Avropa İttifaqına inteqrasiyası yolunda ən böyük problem Aİ ilə Gürcüstan arasında siyasi dialoqun dondurulmuş vəziyyətidir. Gürcüstan bizim üçün Avropa İttifaqına gedən yoldur və biz Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunu Gürcüstan Aİ üzvlüyünə namizəd statusu aldıqdan sonra qəbul etdik. Bu isə Ermənistanın Aİ-yə üzvlük perspektivini daha real etdi”, - deyə o vurğulayıb.

Paşinyan əlavə edib: “Gözləntimiz və xahişimiz odur ki, Avropa İttifaqı ilə Gürcüstan arasında konstruktiv proses inkişaf etsin. Bu, Ermənistan üçün də, Gürcüstan üçün olduğu qədər vacibdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin