“Bușehr” atom elektrik stansiyasının 150 rus əməkdaşı İranın ərazisindən Ermənistana keçərək Rusiyaya təxliyə olunub

2026/03/photo-1773048604.jpg
Oxunub: 444     17:23     11 Mart 2026    
İranın “Bușehr” atom elektrik stansiyasında çalışan rusiyalı əməkdaşların və onların ailə üzvlərinin təxliyəsinin ikinci mərhələsi çərşənbə gününə keçən gecə başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib ki, Ermənistan ərazisi vasitəsilə Rusiyaya doğru 150 nəfər yola salınıb.

“150 nəfər bir neçə gün əvvəl “Bușehr” stansiyasını tərk edib və gecə Ermənistanla sərhədi keçib. Onlar artıq ölkəmizə gedən yoldadırlar. Bu, təxliyənin ikinci mərhələsidir”, - deyə Lixaçov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda stansiyada təxminən 450 nəfər qalır. Bunlar hələlik obyektiv səbəblərə görə stansiyanı tərk edə bilməyən şəxslərdir.

Lixaçov bu təxliyənin həyata keçirilməsinə görə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə, rusiyalı güc strukturlarına, həmçinin İran və Ermənistan rəhbərliyinə təşəkkür edib.

Hazırda Rusiya heyətinin bir hissəsi “Bușehr” atom elektrik stansiyasının yeni bloklarının tikildiyi meydançada avadanlıqlara xidmət işlərinə cəlb olunub. Yeni blokların tikintisi isə müvəqqəti dayandırılıb. Lixaçov daha əvvəl bildirmişdi ki, bu layihə “Rosatom”un prioritetləri sırasında qalacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bușehr   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin