“Ordu bizim üçün təhlükəsizlik aləti deyil, təhlükəsizlik ehtiyatıdır” - Paşinyan

2026/03/1773235386.jpg
Oxunub: 407     17:22     11 Mart 2026    
“Biz artıq təhlükəsizlik sahəsində Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq edirik. Hərbi-texniki sahədə Fransa ilə əməkdaşlığımız var. Bundan əlavə, Avropa İttifaqının Sülh Fondu vasitəsilə artıq iki dəfə Aİ-dən dəstək almışıq”.

Ordu.az xəbər verir ki, bunu bu gün Strasburqda Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə birgə bəyanat zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, Ermənistanın müdafiə sahəsində Avropa ilə əməkdaşlığı dərinləşdirib-dərinləşdirməyəcəyi barədə suala cavab verib.

“Ümumilikdə biz Avropa İttifaqı ilə regional kontekstdə əməkdaşlıq edirik və bu yaxınlarda Azərbaycanla əldə olunmuş sülh bizə Avropa İttifaqı ilə əməkdaşlığımızı, o cümlədən infrastruktur layihələrində genişləndirmək imkanı yaradıb.

Sualınıza cavab olaraq bir incəliyi də qeyd etmək istəyirəm. Bu barədə son vaxtlar Ermənistan daxilində də çox danışıram”, - deyə o qeyd edib.

Paşinyan vurğulayıb ki, adətən təhlükəsizlik dedikdə silah, sursat, ordu, xüsusi xidmət orqanları, əməliyyat tədbirləri və s. başa düşülür.

“Biz uzun müddət belə düşünmüşük. Ermənistanda da tez-tez təhlükəsizlik zəmanətləri haqqında danışılır. Mənim üçün artıq aydındır ki, təhlükəsizliyin yeganə zəmanəti sülhdür. Sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur. Təhlükəsizliyin ikinci səviyyəli zəmanəti isə əməkdaşlıq, qarşılıqlı bağlılıq, iqtisadi əməkdaşlıq və qarşılıqlı faydadır.

Əlbəttə, biz son vaxtlar ABŞ və bir sıra Avropa ölkələri ilə hərbi-texniki əməkdaşlıq qurmuşuq, halbuki əvvəllər belə bir əməkdaşlığımız olmayıb. Lakin buna baxmayaraq, ordunun inkişafının çox vacib olduğunu və hər bir suveren dövlət üçün bunun yalnız hüquq deyil, həm də vəzifə olduğunu anlayaraq təhlükəsizlik anlayışımız zamanla dəyişir, daha çox hərbidən siyasi və diplomatik sahəyə keçir. Hesab edirəm ki, biz məhz bu məntiqə daha çox diqqət yetirməliyik.

Ermənistan daxilində də bunu izah edərkən deyirəm ki, ordu bizim üçün təhlükəsizlik aləti deyil, təhlükəsizlik ehtiyatıdır. Yəni hər hansı şəraitdə mənim dediyim əsas alətlər, sülh, əməkdaşlıq, qarşılıqlı fəaliyyət və s. işləmədiyi halda istifadə olunan ehtiyatdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin