Paşinyan Avropa Parlamentində: “TRIPP hazırda formalaşma mərhələsindədir, yaxın vaxtlarda ABŞ ilə saziş imzalayacağıq”

2026/03/1773235231.jpg
Oxunub: 464     17:18     11 Mart 2026    
“Mənim üçün şərəfdir ki, bu tribunadan sizə bildirim: sonuncu çıxışımdan, yəni 2023-cü il oktyabrın 17-dən etibarən Ermənistanda və ümumilikdə Cənubi Qafqazda yüzillik əhəmiyyət daşıyan, hətta demək olar ki, minillik əhəmiyyətə malik dəyişikliklər baş verib”.

Ordu.az xəbər verir ki, bunu bu gün Strasburqda Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Son çıxışımdan cəmi iki il beş ay keçib. Ən yaddaqalan dəyişiklik Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhdür. Bu sülh 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda rəsmiləşdirildi. Həmin gün Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və mən birgə bəyannamə imzaladıq və bununla faktiki olaraq Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar etdik.

Bəyannaməni şahid qismində ABŞ Prezidenti Donald Tramp da imzaladı. Bundan əvvəl Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ABŞ prezidentinin, Azərbaycan Prezidentinin və mənim iştirakımla Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi parafladılar”, - deyə Paşinyan qeyd edib.

O bildirib ki, Vaşinqton bəyannaməsində həmçinin regional kommunikasiyaların açılması kimi son dərəcə mühüm və həssas məsələ də öz həllini tapıb.

“Bəyannamənin üçüncü bəndində belə qeyd olunur, sitat gətirirəm: “Biz dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət prinsiplərinə əsaslanaraq, regionda və onun ətrafında sülhü, sabitliyi və rifahı təşviq etmək məqsədilə iki ölkə arasında daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiya xətlərinin açılmasının vacibliyini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisi ilə maneəsiz əlaqəni, eyni zamanda Ermənistan Respublikası üçün beynəlxalq və daxili kommunikasiyalarda qarşılıqlı üstünlükləri nəzərdə tutur”.

Bəyannamənin dördüncü bəndində isə qeyd olunur: “Ermənistan Respublikası Ermənistan Respublikası ərazisində “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” kommunikasiya proqramının həyata keçirilməsi çərçivəsini müəyyənləşdirmək məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə işləyəcək. Biz bu məqsədə mümkün qədər tez nail olmaq üçün bütün tədbirləri vicdanla həyata keçirmək əzmimizi təsdiqləyirik”.

TRIPP proqramı hazırda formalaşma mərhələsindədir”, - deyə Paşinyan qeyd edib.

O bildirib ki, yanvarın 13-də ABŞ və Ermənistan hökumətləri TRIPP-in həyata keçirilməsi çərçivəsini qəbul ediblər.

“Yaxın vaxtlarda Ermənistan və ABŞ müvafiq saziş imzalayacaq və layihənin praktiki icrasına başlanacaq.

Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsindən irəli gələn bu proqram şərqdən qərbə və əks istiqamətdə, həmçinin cənubdan şimala və əks istiqamətdə yeni nəqliyyat imkanları yaradacaq. Bu da həqiqətən tarixi əhəmiyyət daşıyan dəyişiklikdir”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin