“İlham Əliyevə təşəkkür edirəm, o, Azərbaycan ərazisi ilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırdı” - Paşinyan

2026/03/1772619544.jpg
Oxunub: 663     16:47     11 Mart 2026    
“Artıq səkkiz aydır ki, Ermənistan-Azərbaycan sərhədində tam sülh hökm sürür. 2025-ci il müstəqilliyimizdən, yəni 1991-ci ildən etibarən ilk təqvim ili oldu ki, Ermənistan-Azərbaycan arasında atışma nəticəsində nə ölən, nə də yaralanan oldu”.

Ordu.az xəbər verir ki, bunu bu gün Strasburqda Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib: “Artıq aylardır sərhədyanı yaşayış məntəqələrinin sakinləri atəş səsləri eşitmirlər. Bundan əlavə, müstəqillikdən etibarən ilk dəfə olaraq 2025-ci ilin noyabrında Azərbaycan ərazisindən keçərək, həmçinin Gürcüstandan keçən qatar Ermənistana gəlib. Bu, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidentinin Azərbaycan ərazisi ilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan etməsindən sonra baş verdi və mən belə bir qərara görə Azərbaycan prezidentinə təşəkkür edirəm”.

Paşinyan həmçinin bildirib: “Biz də öz növbəmizdə bəyan etmişik ki, bu günün özündə Azərbaycandan Türkiyəyə və əks istiqamətdə tranziti təmin etməyə hazırıq, çünki bunu hazırda mövcud yollarımız vasitəsilə edə bilərik.

Nə Azərbaycan, nə də Türkiyə hələlik bu imkandan istifadə etməyib. Güman edirəm ki, bu, həm də onunla bağlıdır ki, düşünürlər belə bir həll TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsinin gecikməsinə səbəb ola bilər.

Bu tribunadan rəsmi şəkildə bəyan edirəm ki, Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsini gecikdirmək nə niyyəti, nə də səbəbi var. Çünki layihə Ermənistanın qısamüddətli, ortamüddətli və uzunmüddətli maraqlarına tam uyğundur və gördüyünüz kimi, yuxarıdakı sitatlardan da aydın olur ki, bu, heç bir şəkildə Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını azaltmır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin