Ordu.az xəbər verir ki, bunu erməni konfliktoloq, beynəlxalq münaqişələrin tənzimlənməsi və danışıqlar üzrə mütəxəssis, hüquq elmləri doktoru Hrayr Balyan deyib.
“Mənim fikrimcə, bu, uzunmüddətli müharibə olacaq. İsrailin məqsədi İran dövlətinin və rejiminin süqutudur. Onlar nəinki iranlı azyaşlı uşaqların məktəblərini bombalayırlar, həm də İranın şimal-qərbindəki kürdləri Tehrana qarşı üsyana qaldırmaq üçün silahlandırırlar. İranın digər milli azlıqlarını da silahlandırırlar. Bizi, Ermənistanı maraqlandıran isə azərbaycanlı iranlılardır. Məlumata görə, İranın şimalında 20 milyon azərbaycanlı yaşayır. Əgər həqiqətən onların bir hissəsi silahlanıb İrana qarşı üsyan etsə, bu, bizim üçün nəhəng təhlükə qapılarını açacaq.
Ötən günlərdə Naxçıvan bombalandı. Bu, hansı məqsədi güdür? Bu bir təxribat idimi, bununla Azərbaycanı qıcıqlandırıb müharibəyə çəkməkmi istəyirlər, bəlli deyil. Hər halda, Ermənistan üçün vəziyyət indi 10 gün əvvəlkindən on qat daha mürəkkəbdir”, - deyə o qeyd edib.
Balyan bildirib ki, İran İsrailin Yaxın Şərqdə 1 nömrəli düşmənidir.
“İsrail öz məqsədini dəqiq bilir: İran dövlətçiliyinin tamamilə süqutu. Lakin ABŞ hansı məqsədi güdür, bu, hətta yüksək rütbəli amerikalı rəsmilər üçün də aydın deyil.
ABŞ-nin İran daxilində hər hansı quru əməliyyatı keçirəcəyinə şübhə edirəm. Ölkəni havadan bombalamaq bir şeydir, quru müharibəsi isə başqa bir şeydir, bu halda çoxsaylı amerikalı əsgər itkisi görə bilərsiniz. O zaman ABŞ xalqı ayağa qalxacaq və vaxtilə mənim də nümayişlərində iştirak etdiyim Vyetnam müharibəsində olduğu kimi, bu müharibəyə daha kəskin etirazını bildirəcək”, - deyə o qeyd edib.
Balyan qeyd edib ki, İran çökərsə, Ermənistan-İran sərhədi olmayacaq.
“Ümid edirəm ki, Ermənistan hakimiyyətinin “yox” deməyə cəsarəti çatacaq”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az