Ordu.az xəbər verir ki, bu barədə erməni türkşünas Andranik İspiryan bildirib.
“Türkiyə hələ müharibəyə qoşulmaq istəmir və bunun əsaslı səbəbləri var. Əvvəla, hazırda Türkiyədə həm daxili siyasi həyatda, həm də iqtisadi vəziyyətdə vəziyyət Rəcəb Tayyib Ərdoğan üçün o qədər də əlverişli deyil. Qarşıdan seçkilər gəlir və Ərdoğanın rəhbərlik etdiyi hakim partiyanın görəcəyi çox iş var. Mümkün müharibə ilk növbədə iqtisadi vəziyyəti pisləşdirəcək, çünki Türkiyənin İranla çoxşaxəli enerji əməkdaşlığı var. Bütün bunlar dağıla bilər və Türkiyə üçün enerji xərcləri kəskin artar. Bu isə ölkə üçün olduqca əlverişsiz vəziyyət yaradacaq.
İqtisadi və siyasi amillərlə yanaşı, geosiyasi amil də mövcuddur. Türkiyə uzun illərdir, xüsusilə Ərdoğanın dövründə islam dünyasında yenidən lider rolunu üzərinə götürməyə çalışır. Bilirik ki, Ahmet Davutoğlu rəhbərliyi ilə yeni osmançılıq ideyasını irəli sürməyə cəhd edilmişdi, lakin bu təşəbbüs uğursuz oldu. Əgər Türkiyə indi İranla müharibəyə girərsə, faktiki olaraq ABŞ və İsraillə eyni cəbhədə döyüşəcək. Yəni islamla mübarizə aparan ölkələrin tərəfində dayanaraq başqa bir islam dövlətinə qarşı mübarizəyə qoşulmuş olacaq. Bu isə Türkiyənin illərdir islam dünyasında rol qazanmaq üçün apardığı siyasətin boşa çıxması deməkdir”, - deyə o bildirib.
Erməni türkşünasın sözlərinə görə, üçüncü səbəb müharibə baş verərsə, Türkiyədə başqa bir problemin yenidən gündəmə gəlməsi ehtimalıdır.
“Biz bilirik ki, Türkiyədə kürd məsələsinin həlli istiqamətində müəyyən proses gedir və bu, Abdullah Öcalan (PKK terror təşkilatının həbsdə olan rəhbəri-red.) tərəfindən edilən çağırışla əlaqələndirilir. Müharibə şəraitində isə kürd qüvvələrinin fəaliyyətinin genişlənməsi üçün daha əlverişli şərait yarana bilər. Yəni Türkiyənin müharibəyə girməməsinin arxasında bir neçə təhlükə dayanır.
Bundan başqa, Türkiyənin tarixindən də belə təcrübələr var ki, müharibəyə tez qoşulmaq ona zərər verib, gec qoşulmaq isə fayda gətirib. Məsələn, İkinci Dünya Müharibəsi zamanı Türkiyə müharibəyə gec qoşuldu və nəticədə məğlub tərəf kimi damğalanmaqdan və kapitulyasiyadan xilas oldu. Ərdoğanın indiki strategiyası vaxt qazanmaqdır. Çünki hazırkı vəziyyətdə nə ABŞ-İsrail tərəfinin, nə də İranın məğlub olacağı tam aydın deyil. Yekun nəticə hələ müəyyənləşməyib və Türkiyənin müharibəyə nə vaxt müdaxilə etməli olduğu ilə bağlı öz strategiyası var. Hazırda isə Türkiyə sadəcə vəziyyəti izləyir”, - deyə İspiryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az