Rusiyalı hərbi analitik: “Bu gün Azərbaycandan kifayət qədər sərt bəyanatlar səsləndi”

2026/03/1772731781.jpg
Oxunub: 734     21:26     05 Mart 2026    
“İran-ABŞ-İsrail müharibəsinin sərhədləri genişlənir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyədə pilotsuz uçuş aparatlarının iştirakı ilə baş verən insidentlər regionda gərginliyi əhəmiyyətli dərəcədə artırır və hərbi eskalasiyanın genişlənməsi riskini yüksəldir.

“Lakin çox vacibdir ki, həmin insidentlərin hansı səbəbdən baş verdiyi və onların arxasında kimin dayandığı aydınlaşdırılsın. Müharibə xüsusilə də İranla bağlı elə bir vəziyyətdir ki , belə bir coğrafiyada texniki səhvdən tutmuş təxribat və ya qəsdən təşkil olunmuş hücuma qədər hər şey baş verə bilər. Buna görə də bu detalları anlamaq son dərəcə vacibdir. Eyni zamanda qeyd etmək lazımdır ki, İranın rəqibləri üçün qarşı tərəfin düşmənlərinin sayının artması sərfəlidir. Bu səbəbdən münaqişənin bütün tərəfləri ehtiyatlı davranmalıdır, çünki bir səhvin nəticələri bütün tərəflər üçün gözlənilməz ola bilər”, - deyə analitik bildirib.

Onun fikrincə, bu insidentlər təbii olaraq Cənubi Qafqazda da gərginliyi artırır, çünki region İranın qonşuluğunda yerləşir.

“Bu gün Azərbaycandan kifayət qədər sərt bəyanatlar səsləndi və hazırda sonrakı inkişafların çoxu Azərbaycanın baş verənlərə necə cavab verəcəyindən asılıdır. Düşünürəm ki, müəyyən cavab olacaq, lakin hesab etmirəm ki, Azərbaycan İranla qarşıdurmanı dərinləşdirməyə meylli olsun. Azərbaycan əvvəlcədən neytrallıq mövqeyini qoruyurdu, münaqişəyə qarışmamağa çalışır və öz ərazisini İrana qarşı əməliyyatlar üçün verməyəcəyini bildirirdi. Buna görə də bu vəziyyət bir neçə baxımdan təhlükəlidir. Ola bilsin ki, Azərbaycanın neytrallığı pozulsun, yaxud da gələcək gərginliyin qarşısını almaq mümkün olsun”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xramçixin   Azərbaycan  


Bizi "telegram"da izləyin