Heydər Əliyev Doktrinasından Şanlı Zəfərə: 108 Yaşlı Qüdrətin Təməl Daşları (FOTOLAR)

2026/06/7d60f-16042414626.jpg
Oxunub: 298     20:18     26 İyun 2026    
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev:
“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.

Xalq şairi Zəlimxan Yaqub vaxtilə Azərbaycan əsgərinin və ordumuzun xalqımızın taleyində oynadığı müstəsna rolu belə ifadə etmişdir: “Ordum varsa, yurdum var”. Bu fikir sadəcə poetik bir deyim deyil, müstəqilliyimizin əsas qarantlarından biri olan ordumuza verilən dəyərin ifadəsi idi.


Bu gün həmin fikrin mənası daha da dərinləşib. Azərbaycan Ordusu öz gücünü və peşəkarlığını döyüş meydanında sübut etdi. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, İkinci Qarabağ müharibəsində, ondan sonrakı uğurlu əməliyyatlarında və nəhayət, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə nəticələn antiterror əməliyyatında qazanılan Zəfərlər xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub. Şəhidlərimizin qanı-canı, silahdaşlarımızın fədakarlığı və şücaəti nəticəsində üçrəngli bayrağımız azad edilmiş torpaqlarımızda qürurla dalğalanmaqdadır.

Məhz bunlara görə də bu gün xalq şairimizin məşhur kəlamını yeni dövrün reallıqları fonunda daha böyük qürurla səsləndirmək olar - Müzəffər Ali Baş Komandanım, tarixin ən çətin sınaqlarından şərəflə çıxmış qalib ordum, azad və firavan yurdum var!

Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu prosesi

Heç şübhəsiz, bugünkü 108 yaşlı, qüdrətli və müasir Azərbaycan Ordusunun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanıldı. Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

Ulu Öndər 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə və zabit kadrlarının hazırlanmasına gətirib çıxardı. Əbədiyaşar Ali Baş Komandan sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.


Ötən əsrin 90-cı illəri ölkəmiz üçün çox ağır keçdi, müstəqilliyimizi itirmə təhlükəsi ilə üz-üzə qaldıq. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Bu proses Azərbaycan Milli Ordusunun formalaşmasında yeni mərhələ oldu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Bu diqqətin də bariz nümunələrindən biri də Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi elan olunması oldu.


Ümummilli Lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi oldu. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Ulu Öndər Heydər Əliyev ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər haqqında deyirdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.


Qüdrətli Azərbaycan Ordusu, müasir hərbi sənaye kompleksi, yüksək sosial-məişət şəraiti

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişindən sonra da ordu quruculuğu məsələsi, hərbi qulluqçularımızın peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatın olması daim ön planda saxlanıldı. Dövlətimizin başçısının ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer aldı. Prezident İlham Əliyev bu haqda belə deyib: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”.

Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizdə hərbi sənaye kompleksi yaradıldı. Bu gün Azərbaycanda 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunur, dünyanın aparıcı beynəlxalq sərgilərində hərbi məhsullarımız nümayiş etdirilir.

Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması dövlətimizin başçısının ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir.

Bununla yanaşı, hərbi qulluqçularımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusu mənzillə təmin olunub. Hərbi qulluqçularımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesi bundan sonra da davam etdiriləcək.


Qətiyyətli sərkərdə və qalib ordu

2016-cı ilin aprelin ilk günlərində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi. Azərbaycan Ordusu Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı, torpaqlarımızın işğaldan azad olunacağı günün uzaqda olmadığı əminliyini verdi.

Aprel döyüşlərindən iki il sonra Azərbaycan Ordusunun daha bir uğuru - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Beləliklə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

Bu döyüş əməliyyatlarından sonra Ali Baş Komandanın tapşırığına əsasən, ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirilirdi. Bu tədbirlərin əsasını da taktiki təlimlər təşkil edirdi. Keçirilən təlimlərdə hərbi qulluqçularımızın yüksək peşəkarlıq nümayiş etdirməsi bir amala xidmət edirdi - Ali Baş Komandanın döyüş əmri ilə işğal altında olan torpaqlarımızı azad etmək.

Və həmin tarixi gün yetişdi. 2020-ci ilin 27 sentyabr təqvimi. Saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Düşmən tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar oldu. Mülki infrastruktur obyektlərimizə ciddi ziyan dəydi.


Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad edərək tarixi nailiyyətə imza atdı.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan əsgəri əsl vətənpərvərlik ruhu nümayiş etdirdi. Düşməndən fərqli olaraq Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı hərbi qulluqçularımız hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, döyüş meydanına qayıdaq və öz missiyamızı başa vuraq.

Düşmənin tam məğlubiyyəti ilə nəticələnən 44 günlük Vətən müharibəsi noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası rəşadətli Azərbaycan Ordusunun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman şəhidlərimizin qanı-canı, hərbçilərimizin şücaəti və rəşadəti hesabına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda Şanlı Qələbəyə həsr olunan möhtəşəm Zəfər paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan bayraqlarımız da Zəfər paradında nümayiş etdirildi.


Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə, qənaətə gəlinib ki, ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı.

2021-ci il dekabrın 24-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində Komando hərbi hissəsinin açılış mərasimində demişdir: “Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”.


Öz məkrli niyyətindən geri qalmayan düşmən Azərbaycanın Qarabağ bölgəsində bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində bölgədə antiterror əməliyyatı həyata keçirildi. Əməliyyat çərçivəsində ordumuzun digər bölmələri kimi, yeni yaradılan Komando bölmələri də öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək göstərilən inam və etimadı doğrultdu. Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da antiterror əməliyyatı dayandırıldı.

Artıq müharibə başa çatıb. Bu gün azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır, geniş bərpa-quruculuq işləri aparılır. İllərlə Vətən həsrəti ilə alışıb-yanan həmvətənlərimiz doğma yurd-yuvalarına qayıdırlar. Tarix yazan qalib Azərbaycan Ordusu əldə etdiyi Zəfərlə kifayətlənməyərək döyüş hazırlığını durmadan artırır, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin təminatçısına çevrilir. Ordumuzun şəxsi heyəti isə Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə sadiq qalaraq Böyük Qayıdışa layiqli töhfələr verir. Əminik ki, Azərbaycan Ordusu bundan sonra da Müzəffər Ali Baş Komandanın əmr və tapşırıqlarını şərəflə yerinə yetirəcək, xalqımızın qürur mənbəyi olaraq dövlətimizin qüdrətini artıracaqdır.


Məqaləmi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı fikirləriylə yekunlaşdırıram: “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir”.

Elçin İmanov, “Azərbaycan Ordusu”
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heydər-Əliyev   İlham-Əliyev   Ordu  


Bizi "telegram"da izləyin