“Hraparak”: Paşinyan niyə təşviş içində Gürcüstana qaçdı?

2026/03/1772729780.jpg
Oxunub: 437     20:52     05 Mart 2026    
Martın 3-də məlum olub ki, Paşinyan işgüzar səfərlə gözlənilmədən Gürcüstana gedib və orada həmin ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hrabarak” nəşri “Paşinyan niyə təşviş içində Gürcüstana qaçdı?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, hətta Baş nazir postunu tutan şəxsin rəsmi saytında bu xəbər o qədər gec yayımlanıb ki, Ermənistanın digər media qurumları məlumatı artıq gürcü mənbələrinə istinadla paylaşmışdılar.

“Bu isə o deməkdir ki, səfər əvvəlcədən planlaşdırılmayıb, əksinə, çox tələsik təşkil olunub. Paşinyan Ermənistanın tam blokadaya düşməsinin qarşısını almaq üçün Gürcüstana yollanıb. Hələ yaxın vaxtlara qədər Ermənistanı guya “sülh kəsişməsi”nə çevirməkdən danışan bir şəxs, öz siyasəti və geosiyasi proseslərin nəticəsində ölkəni çıxılmaz bir dalana salıb.

Nikol Paşinyanın siyasəti, yəni qonşu Türkiyə və Azərbaycanla anlaşaraq onların Ermənistanla sərhədləri açmasına nail olmaq və bununla da ölkəni yarıblokada vəziyyətindən çıxarmaq indiyə qədər heç bir nəticə verməyib. Artıq beşinci ildir ki, Paşinyan Türkiyədən gələn guya müsbət siqnallardan danışır. Hətta ötən ilin avqustunda Parisdə bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması üçün heç bir maneə yoxdur: “İnanıram ki, həmin an yaxınlaşır və tezliklə gələcək, amma dəqiq nə vaxt olacağını indi deyə bilmərəm”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, nəzəri baxımdan, əlbəttə, heç nəyi, o cümlədən Ermənistan-Türkiyə sərhədinin açılmasını istisna etmək olmaz.

“Lakin bunun ehtimalı Marsda ikinci erməni dövləti qurmaq ehtimalından daha böyük deyil. Bu da nəzəri olaraq mümkündür, amma praktikada olub-olmayacağını heç kim deyə bilməz. Azərbaycan müəyyən məhdudiyyətlərlə bəzi yüklərin Ermənistana daşınmasına imkan verir, lakin bu, Ermənistanın ümumi yükdaşımalarının çox kiçik və əhəmiyyətsiz hissəsidir. Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdıra bilməyən Paşinyan Gürcüstanla münasibətləri də pisləşdirib.

Gürcüstan artıq Ermənistanı müstəqil dövlət kimi qəbul etmir. Erməni yükdaşıyanlar mallarını Gürcüstan ərazisindən keçirmək üçün müxtəlif kriminal strukturlara müraciət etməyə, bunun üçün əlavə pul ödəməyə məcbur qalırlar. Səbəb isə Ermənistan hakimiyyətinin Gürcüstan hakimiyyəti ilə razılığa gələ bilməməsidir ki, Ermənistan istiqamətində yükdaşımalar qanunvericilik və dövlətlərarası sazişlərlə müəyyən olunmuş şərtlərlə həyata keçirilsin. Görünür, gürcülər hesab edirlər ki, Ermənistan dövlət kimi artıq faktiki olaraq dağılmaq üzrədir və bunun nəticəsində həmin dövlətlərarası razılaşmalar da qüvvəsini itirib”, - deyə məqalədə qeyd edilib.

Müəllifin sözlərinə görə, Ermənistanın iqtisadiyyat naziri vəzifəsini tutan Gevoq Papoyana sual verirlər ki, erməni yükdaşıyanlar mallarını Gürcüstan ərazisindən keçirmək üçün nə vaxta qədər əlavə pul ödəməli olacaqlar?

“O isə cavab verir ki, yükdaşıyanlar hüquq-mühafizə orqanlarına belə məlumatlar təqdim etmirlər. Təsəvvür edin ki, belə bəyanat vermək üçün ən azı Gevoq Papoyan olmaq lazımdır. Axı hansı erməni yükdaşıyanı Ermənistanın İstintaq Komitəsinin hər hansı müstəntiqinə deyə bilər ki, Gürcüstan ərazisindən keçmək üçün hansısa kriminal avtoritetə və ya onun təyin etdiyi şəxsə 500 və ya 1000 dollar ödəyir? Əlbəttə, belə bir etirafdan sonra o adam artıq heç vaxt Gürcüstan ərazisindən yük daşımaq imkanı əldə etməz. Üstəlik, Ermənistanın İstintaq Komitəsi Gürcüstan ərazisində nə edə bilər? Tamamilə heç nə. Belə olan halda niyə insanları gürcülərdən şikayət etməyə məcbur edirlər? Sadəcə öz fəaliyyətsizliklərini və acizliklərini ört-basdır etmək üçün. Onlar yaxşı bilirlər ki, heç bir erməni yükdaşıyanı belə mənasız və işə yaramayan addım atmaz, yəni öz ayağına güllə vurmaz”, - deyə KİV bildirib.

Müəllif vurğulayıb ki, İran ətrafında baş verən hadisələr də Ermənistanın blokada vəziyyətini daha da ağırlaşdırıb.

“İran limanları erməni yükdaşıyanlar üçün bağlanıb və onların yaxın vaxtlarda açılıb-açılmayacağı, ümumiyyətlə nə vaxt açılacağı məlum deyil. Ermənistan iqtisadiyyatı demək olar ki, yalnız Gürcüstan üzərindən keçən yolun ümidinə qalıb. Həmin yol isə istənilən vaxt bağlana və ya daha çətin keçilən ola bilər.

Əgər qarşıda seçkilər olmasaydı, Paşinyan bəlkə də bu qədər narahat olmazdı. Onun və ailəsinin ehtiyacı olan malları hava yolu ilə də əldə etmək mümkün olardı, qalanları isə istəsələr yeməsinlər, geyinməsinlər, hətta ümumiyyətlə yaşamasınlar. Lakin üç ay sonra seçkilər keçiriləcəyi üçün o, hakimiyyəti itirməmək və taleyin ümidinə qalanlar sırasına düşməmək üçün müəyyən addımlar atmağa məcburdur.

Paşinyan Gürcüstana ona görə gedib ki, həmin ölkənin hakimiyyəti ilə razılığa gəlsin və heç olmasa seçkilərə qədər Ermənistan yükdaşıyanlarına əlavə maneələr yaradılmasın. Əks halda o, çox ağır vəziyyətə düşə və hakimiyyətdə qalmaq üçün hətta nəzəri imkanlarını belə itirə bilər. İndiki vəziyyətdə Paşinyan hətta Gürcüstan rəhbərliyi qarşısında da güzəştə getməyə məcburdur. O qədər zəif və müdafiəsiz vəziyyətdədir ki, hakimiyyətdə qalıb-qalmaması sözün əsl mənasında tükdən asılıdır və həmin tükü bir çoxları, o cümlədən gürcülər də qıra bilər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Gürcüstan  


Bizi "telegram"da izləyin