Erməni vitse-spiker: “Müxalifətin qələbəsi dərhal Azərbaycanla münaqişənin yenidən başlanmasına gətirib çıxaracaq”

2025/12/1765887261.jpg
Oxunub: 361     14:36     05 Mart 2026    
“Parlament və parlamentdənkənar müxalifət müharibə partiyasıdır”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin iclasında Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin 2025-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı parlamentin vitse-spikeri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü və Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Rubinyan bu partiyaya həm “Hayastan” blokunu, həm Ermnistan Respublikaçılar Partiyasını, həm də onun fikrincə respublikaçılarla əlaqəli olan “Birliyin Qanadları” siyasi təşəbbüsünü daxil edib. Bundan əlavə, o, “Güclü Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyalarını da həmin sıraya aid edib. Eyni zamanda o hesab edir ki, “Güclü Ermənistan” Rusiya ilə, “Çiçəklənən Ermənistan” isə Belarusla əlaqəlidir.

“Mən bunu tam məsuliyyətlə deyirəm, 2020-ci ildən sonra sizin səsləndirdiyiniz fikirlərdən hər hansı birini biz eşidib sizin dediyiniz kimi etsəydik, ölkəmiz öz ərazi bütövlüyü sərhədlərində olmazdı və biz təxminən beş dəfə böyük müharibə vəziyyətində olardıq. Əgər bir dəfə də olsa sizi dinləmiş olsaydıq. İndi isə siz eyni xətti davam etdirirsiniz”, - deyə Rubinyan bildirib.

Erməni vitse-spikerin fikrincə, qarşıdan gələn parlament seçkilərində müxalifətin qələbəsi dərhal Azərbaycanla münaqişənin yenidən başlanmasına gətirib çıxaracaq. O, həmçinin müharibənin başlanmasının günahını qiyabi şəkildə məhz erməni müxalifətinin üzərinə qoyub və bunu onun Qarabağ məsələsində barışmaz mövqeyi ilə əlaqələndirib.

“Və buna görə də iyunun 7-də keçiriləcək seçkilər aşağıdakı seçim haqqında olacaq: insanlar ya “müharibə və korrupsiya” partiyasını seçməlidirlər, ya da onları seçməyib “ədalət və sülh” partiyasını seçməlidirlər”, - deyə Rubinyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rubinyan  


Bizi "telegram"da izləyin