Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan bildirib.
O, bundan əvvəl Baş nazir Nikol Paşinyanın deputat Qarnik Danielyana sual vermək əvəzinə təxribatla məşğul olduğunu deməsinə münasibət bildirib.
Xamoyan Xarici Kəşfiyyat Xidmətinin hesabatından bir hissə oxuyub. Həmin hissədə qeyd olunur: “İsrail-İran mümkün müharibəsi Ermənistanın təhlükəsizlik problemlərinin dairəsini genişləndirəcək, miqrasiya və digər risk mənbəyi olan qrupların hərəkətinin idarə olunması, iqtisadi və logistika problemlərinin yaranması, eləcə də Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi prosesini təhlükə altına alan risklərin artması baxımından yeni çağırışlar yaradacaq. İranda qeyri-sabitliyin artması Ermənistanın təhlükəsizlik risklərini daha da genişləndirəcək”.
“Bu, nə Kreml agentlərinin, nə hibrid müharibə müəlliflərinin, nə də müxalifət nümayəndələrinin sözləridir. Bu, sizin yaratdığınız Xarici Kəşfiyyat Xidmətinin 2026-cı il hesabatıdır. Bu hesabata nə dərəcədə qeyri-ciddi yanaşmısınız ki, İran-İsrail-ABŞ müharibəsinin ilk günü təbliğat avtobusunuzda qayğısız şəkildə “peraşki” yeyirdiniz?” - deyə o bildirib.
Cavabında Nikol Paşinyan deyib: “Sualınızın mahiyyəti ondan ibarətdir ki, Ermənistanda Baş nazirin harada olmasından və nə ilə məşğul olmasından asılı olmayaraq işləyən institutlar var və hökumət həmin institutların işləməsini təmin edib. İranda baş verənlər sizin üçün yenidirsə, Ermənistanın dövlət institutları üçün yeni deyil. Bu vəziyyət illərdir formalaşır.
Əgər imkanınız olsaydı, baş nazirin masasından keçmiş onlarla belə hesabat görə bilərdiniz.
Biz, əlbəttə, İran İslam Respublikasında və onun ətrafında baş verən hadisələrdən dərin təəssüf hissi keçiririk. İranda hadisələr başlamazdan bir gün əvvəl də, bir gün sonra da Təhlükəsizlik Şurasının iclası keçirilib. Həmin həftə müdafiə naziri İrana səfər edib. Təhlükəsizlik Şurasının nəzdində uzun müddətdir fəaliyyət göstərən idarələrarası işçi qrupu var və o, dünən yaradılmayıb. Bu qrup aylardır gündəlik rejimdə işləyir.
Sizin sualınızın kontekstində isə aydın deyil, parlamentin iclasını niyə ümumiyyətlə ləğv etməmişik? Gəlib burada min dəfə üzr istəyək və təxribatçı, mənasız suallarla dövləti təhlükəyə ataq? Əgər belədirsə, niyə iclas keçirirsiniz, ləğv edin. Bu gəncləri niyə gətirib burada otuzdurmusunuz?
Mənə deyirsiniz ki, peraşki yeyirdik. Sizin özünüzdən görünmür ki, aclıq aksiyası elan etmisiniz və yas libası geyinmisiniz. Niyə başınıza kül tökməmisiniz? Niyə özünüzü yandırmırsınız?
Ermənistanın hakim çoxluğunun vətəndaşlarla ünsiyyətdən imtina etməsi üçün heç bir səbəb görmürəm. Yeri gəlmişkən, “peraşki”yə gəlincə, əgər çox acsınızsa, siz də yeyə bilərsiniz”.
Xamoyan isə cavab olaraq bildirib ki, hamı “peraşki” də yeyir, su da içir: “Amma Xarici Kəşfiyyat Xidməti İranda qeyri-sabitliyin Ermənistanın təhlükəsizlik risklərini artıracağını proqnozlaşdırdığı halda, siz müharibənin ilk günü “peraşki” yeyirsinizsə, sual budur ki, Ermənistan vətəndaşlarına hansı mesajı vermək istəyirsiniz? Bu, təhlükəsizlik göstəricisi deyil, sizin qeyri-adekvatlığınızın göstəricisidir. Bu səhnə ilə bağlı neçə-neçə video və paylaşım var.
Sizi əslində yalnız bir məsələ maraqlandırır, cənab Paşinyan, kreslonuzun qorunması və bunun üçün hər şeyə hazırsınız”.
Nikol Paşinyan isə bildirib: “Biz “peraşki” yeyərkən həmin video beynəlxalq səviyyədə, o cümlədən Yaxın Şərqdə yayıldıqdan sonra, bir sıra hörmətli tərəfdaşlarımız ictimai restoranlarda nahar etməyi qərara aldılar ki, vətəndaşlarına narahatlığa əsas olmadığını və vəziyyətin nəzarət altında olduğunu göstərsinlər”.
Alpər Mövludoğlu
Ordu.az