Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
İclasa iki ölkənin baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze sədrlik ediblər.
Gürcüstanın Baş naziri Ermənistan hökumət nümayəndə heyətini salamlayaraq iki ölkə arasında mövcud dostluq əlaqələrini vurğulayıb. İrakli Kobaxidzenin sözlərinə görə, bu dostluq və ənənəvi münasibətlər iki ölkə arasında strateji əlaqələrin əsasını təşkil edir. “Şübhəsiz ki, bu əməkdaşlıq səviyyəsi bizə gələcəkdə birlikdə böyük uğurlar qazanmağa, ölkələrimizi gücləndirməyə və əməkdaşlığımızı daha da artırmağa imkan verir. Əmin olmalıyıq ki, bu əməkdaşlıq daha da möhkəmlənir. Ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın olmasından çox məmnunuq. Bu əməkdaşlıq tərəfdaşlığımızın dərinləşdirilməsinə xidmət edir”, - deyə Gürcüstanın Baş naziri bildirib.
İrakli Kobaxidze qeyd edib ki, Ermənistan Gürcüstanın xarici ticarət dövriyyəsində ilk onluqda yer alan tərəfdaşlardan biridir, həmçinin ziyarətçilərin sayına görə ilk üçlükdədir. “Təhsil, mədəniyyət, xalqlar arasında əlaqələr və strateji münasibətlər sahəsində sıx əməkdaşlığımız var. Bu əsasda bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyəti daha da dərinləşdirmək üçün böyük potensiala malikik.
Eyni zamanda, regionda sülhün qorunması çox vacibdir. Son aylarda formalaşmış meyillərin region üçün nə qədər əhəmiyyətli olduğunu görməkdən məmnunuq. Sizin və Azərbaycanın imzaladığı tarixi razılaşma, saziş çox önəmlidir. Bütün bunlar regionumuzun inkişafı üçün yaxşı zəmin yaradır. Əmin olmalıyıq ki, regionun inkişafı naminə bizdən asılı olan hər şeyi edəcəyik”, - deyə Kobaxidze bildirib.
Onun fikrincə, bu ikitərəfli format müxtəlif sahələrdə münasibətlərin müzakirəsi baxımından olduqca vacibdir. “Sonda bir məqamı da qeyd etmək istəyirəm, cənab Baş nazir, ikitərəfli münasibətlərin inkişafına verdiyiniz töhfəyə görə sizə şəxsən təşəkkür edirəm. Bu töhfə çox dəyərlidir və biz bunu yüksək qiymətləndiririk”, - deyə Gürcüstanın Baş naziri əlavə edib.
Öz növbəsində Paşinyan iclasın yüksək səviyyədə təşkilinə, qonaqpərvərliyə və səsləndirilən xoş sözlərə görə təşəkkürünü bildirib.
“İlk növbədə, Ermənistan və Azərbaycan arasında sülh prosesində göstərdiyiniz davamlı dəstəyə görə təşəkkür edirəm. Hazırda da Gürcüstanın Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət və iqtisadi əlaqələrin inkişafı yolunda dəstəyini görür və hiss edirik. Daha bir məqamı qeyd edim: müstəqillikdən etibarən Azərbaycan ərazisindən Ermənistana qatar daxil olmamışdı. Lakin indi Azərbaycan və Gürcüstan vasitəsilə qatarlar Ermənistana gəlir. Ümid edirik ki, yaxın vaxtlarda Ermənistandan da ixrac dəmir yolu ilə həyata keçiriləcək. Bu məsələdə sizin dəstəyiniz əvəzsizdir”, - deyə Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, tərəflər region üçün açılan böyük imkanlara daha çox diqqət yetirməlidirlər. “Hazırda beynəlxalq vəziyyət kifayət qədər mürəkkəbdir, regiondakı vəziyyət də asan deyil. Lakin strateji baxımdan regional yanaşma çox önəmlidir. Hər birimiz öz gündəliyimizə malik olsaq da, imkanların, çağırışların və risklərin regional şəkildə dərk edilməsi son dərəcə vacibdir”, - deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyan qeyd edib ki, 2021-ci ildə Ermənistan hökumətinin proqramında əvvəllər siyasi gündəmdə olmayan yeni anlayış meydana çıxıb. “Biz bunu “regionalizasiya” adlandırırıq. Bu baxımdan Gürcüstanla münasibətlərimiz xüsusi əhəmiyyət daşıyır. Son illərdə Gürcüstanın dəstəyi ilə - bu məsələdə Gürcüstanın rolu son dərəcə vacibdir - Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli regional əməkdaşlığı da dərinləşdirməyə çalışırıq. Hesab edirəm ki, bu istiqamət böyük perspektivə malikdir və yaxın vaxtlarda burada da müəyyən irəliləyişlərin şahidi ola bilərik”, - deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh regiondakı ümumi mühiti yaxşılaşdırır. O, Gürcüstanın da nizamlanmaya nail olacağına ümid etdiyini bildirib: “Biz əvvəl olduğu kimi, indi də birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini dəstəkləyirik”.
Ermənistanın Baş naziri iki xalq arasında mövcud olan isti və tarixi əlaqələri də vurğulayıb və bunların mühüm dəyər olduğunu qeyd edib. “Lakin bizim yanaşmamız ondan ibarətdir ki, xalqlarımız arasında mövcud olan emosional istiliyi institusional çərçivəyə salaraq, onu dövlətlərarası münasibətlərin məzmununa, dayağına və strukturuna çevirməliyik. Sevinirəm ki, Gürcüstanla məhz bu məntiq əsasında işləyirik. Bu yanaşmaya dəstəyinizə görə təşəkkür edirəm.
Gündəlik məsələlər də vacibdir. Baş nazir Kobaxidze ilə gündəlik gündəmdə olan məsələlərin daha səmərəli həlli yollarını müzakirə etmək imkanımız oldu. Həmin məsələlərdə operativ işləməyə və həllər tapmağa hazır olduğuna görə Baş nazirə bir daha təşəkkür edirəm”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.
İclas zamanı iqtisadiyyat, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq və gələcək proqramlar müzakirə olunub.
Həmçinin regional əməkdaşlığın inkişafına yönəlmiş addımlar nəzərdən keçirilib. Paşinyan Gürcüstan tərəfinə TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Alpər Mövludoğlu
Ordu.az