Paşinyan və Kobaxidze Cənubi Qafqazda sülhün möhkəmləndirilməsini müzakirə ediblər

2026/03/Ekran-1772610019.jpg
Oxunub: 332     11:26     04 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən təkbətək görüş zamanı Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsinə və sabitliyin təmin olunmasına yönəlmiş addımların ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyinə dair geniş spektrli məsələləri müzakirə ediblər. Onlar həmçinin regional əhəmiyyətli bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişafı və genişləndirilməsi vurğulanıb. Bu kontekstdə Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu gün keçiriləcək 15-ci iclasının əhəmiyyəti qeyd edilib. Tərəflər əminliklərini bildiriblər ki, bu iclas müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yeni təkan verəcək. Regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımların davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub”, - deyə məlumatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kobaxidze  


Bizi "telegram"da izləyin