Ermənistan MN hərbi müqavilələrlə bağlı iddialara aydınlıq gətirib

2024/04/1712302705.jpg
Oxunub: 313     10:27     04 Mart 2026    
“Mətbuatda anonim məktuba əsaslanaraq hərbi-sənaye şirkətləri ilə yeni üçillik müqavilələr proqramı barədə məqalə dərc olunub və orada bir sıra yanlış ehtimallar irəli sürülüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Bildiririk ki, hərbi-sənaye şirkətləri ilə yeni üçillik müqavilələr proqramı çoxmərhələli müzakirələrdən keçir.

Cari ilin yanvar-fevral aylarında qurumlarda üçillik proqram layihəsi ilə bağlı hərbi-sənaye şirkətləri ilə bir sıra görüş və müşavirələr keçirilib. Bu müzakirələr hərbi-sənaye kompleksinin inkişafına və yerli istehsalın təşviqinə yönəlib. Son, daha geniş tərkibli müzakirə fevralın 27-də Ermənistan Təhlükəsizlik Şurasının iclasında baş tutub.

Prosesin müddətlərinə gəlincə, bildiririk ki, yaxın bir ay ərzində hökumət müvafiq qərar qəbul edəcək və həmin qərar əsasında satınalma müqavilələri bağlanacaq. Buna uyğun olaraq, bütün proseslər iyunun əvvəlinədək başa çatdırılacaq.

Bu, 2023-2025-ci illər proqramının davamıdır. Həmin proqram çərçivəsində Ermənistan hökuməti milli hərbi-sənaye kompleksinin inkişafı istiqamətində mühüm addım kimi təxminən 28 sahəvi şirkətlə 171 milyard dramdan artıq məbləğdə müqavilə bağlayıb”, - deyə Ermənistan MN qeyd edib.

Bildirilib ki, yeni proqram artıq 2026-2028-ci illər üçün 150 milyard dramdan artıq büdcə ilə nəzərdə tutulub və Ermənistan Müdafiə Nazirliyi hazırda təşəbbüs ətrafında 30-dan çox şirkətlə danışıqlar aparır.

“Xatırladaq ki, əvvəlki üçillik proqramın müzakirələri təxminən 6 aydan bir ilə qədər davam edib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin