Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Lia Sarkisyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, “İşxanutyun” media qurumunun redaksiyası hərbi-sənaye şirkətlərindən birinin rəhbərindən anonim məktub alıb.
“Məktubun müəllifi Müdafiə Nazirliyində keçirilmiş qapalı görüşün detalları barədə məlumat verir və 2026-cı il müqavilələrinin gecikdirilməsi, təxminən 150 milyard dram vəsaitin mümkün dondurulması və bunun seçki prosesləri ilə əlaqəsi barədə ciddi narahatlıqlar səsləndirir.
Mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq, məktubu redaksiya müdaxiləsi olmadan dərc edirik.
“Salam. Mən hərbi-sənaye şirkətinin rəhbəriyəm və Müdafiə Nazirliyi ilə bağlı sahədə yaranmış vəziyyəti sizə təqdim etmək istəyirəm.
2026-cı il fevralın 23-də Müdafiə Nazirliyində hərbi-sənaye kompleksi şirkətlərinin rəhbərləri ilə keçirilən görüşdə açıq şəkildə bildirilib ki, 2026-cı ilin müqavilələri seçkilərin qızğın mərhələsində, iyun ayında imzalanacaq.
30-dan çox şirkət hələ 2026-cı ilin yanvarında Müdafiə Nazirliyinin ehtiyaclarını təmin etmək üçün üçillik müqavilələr almalı idi. Müddətlər əvvəlcə fevralın 15-nə, sonra fevralın sonuna keçirilib. Fevralın 23-də keçirilən iclasda iştirakçılara bildirilib ki, imzalanma mayın sonu və ya iyunun əvvəlində mümkün olacaq”, - deyə Sarkisyan bildirib.
O vurğulayıb ki, söhbət təxminən 150 milyard dramdan gedir.
“Bu vəsaitlər indiyədək ayrılmayıb və faktiki olaraq seçkilərə qədər dondurulub.
Belə təəssürat yaranır ki, Müdafiə Nazirliyi bizə, müəssisə direktorlarına siyasi məqsədlərlə təzyiq göstərir.
Direktorları bu yolla hakimiyyətdən asılı vəziyyətdə saxlamağa çalışırlar ki, onlar da seçkilərdə öz əməkdaşlarını hakim partiyaya səs verməyə inandırsınlar. Yüksək göstəricilər təqdim edən şirkətlərlə müqavilələr bağlanacaq.
Bu dərc olunmuş materialla bağlı sahəyə cavabdeh qurumun açıqlamasını da yayımlamağa hazırıq”, - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az