Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan deyib.
“Bu təhdidlər siyasi, geosiyasi, təhlükəsizlik, iqtisadi, mənəvi-mədəni istiqamətlərdə özünü göstərir. Ən mühüm məsələlərdən biri İrandakı erməni icmasının və çoxsaylı mənəvi-mədəni abidələrin, monastır komplekslərinin qorunmasıdır. Müharibə isə, belə demək mümkünsə, zərbələr endirilərkən bu kimi məsələlərə diqqət yetirmir”, - deyə o qeyd edib.
Abrahamyan bildirib ki, İran-İsrail-ABŞ müharibəsinin nə vaxt, necə və hansı nəticə ilə başa çatacağı hələ məlum olmasa da, bu günlərdə müxtəlif baxış bucaqlarından və kontekstlərdə “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsi də müzakirə olunur və bunun Ermənistan üçün real risklər yaratdığı bildirilir.
“İran ətrafında baş verən hadisələrdən və vəziyyətin yekun həllindən asılıdır ki, TRIPP layihəsi bu kontekstdə hansı nəticə və ya fəsadlara gətirib çıxaracaq. Hazırda tam qiymətləndirmə vermək çətindir, çünki TRIPP-in həyata keçirilməsi birbaşa olaraq İran ətrafındakı proseslərdən və sülh perspektivindən asılıdır”, - deyə o qeyd edib.
Zəngəzur istiqamətində və ya Zəngəzur ətrafında, eləcə də Naxçıvan qanadında təhlükəsizlik halqasının sıxıldığını hesab etməyin mümkün olub-olmaması, yaxud hansısa mərhələdə hərbi toqquşmanın real olub-olmaması və İranın öz “qırmızı xətt”ini irəli apara bilib-bilməyəcəyi ilə bağlı suala cavabında erməni deputat bildirib ki, hələ də çoxlu qeyri-müəyyən məqamlar var.
“Yəni bəzi məsələlər məxfilik rejimindədir, bəziləri ilə bağlı isə proqnozlaşdırma problemi mövcuddur. Çünki çoxsaylı ölkələrin iştirak etdiyi regional münaqişə onun hansı nəticələrə gətirib çıxaracağını və bu regional partlayışın daha hansı dövlətləri və qrupları qarşıdurmaya cəlb edəcəyini dəqiq qiymətləndirməyi çətinləşdirir. Buna görə də hazırda yalnız onu qeyd edə bilərik ki, ciddi təhlükəsizlik təhdidləri mövcuddur və onların miqyasını və təhlükəlilik dərəcəsini bu mərhələdə dəqiq qiymətləndirmək çətindir”, - deyə o bildirib.
Abrahamyanın iddiasına görə, Qarabağ məsələsində İranda əmin idilər ki, həmin istiqamətdən arxadan zərbələr ola bilməz.
“Bu birincisi. İkincisi, Qarabağ üzərində Azərbaycanın nəzarəti, Türkiyə-Azərbaycan mövcudluğu, onların Ermənistana qarşı əməliyyatlarda birbaşa iştirakı və bu sahədə qazandıqları uğur regional baxımdan Azərbaycana və Türkiyəyə ciddi mövqe üstünlüyü verib. Buna görə də İranın Türkiyə və Azərbaycanla münasibətlərinin heç də sadə və asan olmadığı şəraitdə bütün bunlar təbii olaraq daim öz risklərini və problemlərini saxlayır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az