Erməni deputat: “Ermənistanda son 5 ildə işləyən kasıbların həyat keyfiyyəti azalıb”

2026/03/1772553228.jpg
Oxunub: 393     19:50     03 Mart 2026    
“Ermənistanda son beş il ərzində inflyasiya səbəbindən işləyən kasıbların həyat keyfiyyəti aşağı düşüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında müxalif “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan bildirib.

Erməni deputat qeyd edib ki, bunun əsas səbəblərindən biri əməkhaqlarının qeyri-bərabər bölüşdürülməsinin dərinləşməsi və inklüzivliyin azalmasıdır.

O vurğulayıb ki, orta aylıq əməkhaqqı kəskin şəkildə, təxminən 80.000 dram artdığı halda, işləyən kasıbların aldığı minimum əməkhaqqı cəmi 8.000 dram artıb, yəni bu, 10 dəfə azdır.

Avetisyanın sözlərinə görə, 2025-ci ildə minimum və orta əməkhaqqı arasındakı nisbət 31% təşkil edib.

“Minimum istehlak səbətinin dəyəri təxminən 80.000 dramdır ki, bu da minimum aylıq əməkhaqqından 5.000 dram çoxdur. Halbuki 2021-ci ildə bu fərq cəmi 1.500 dram idi”, - deyə erməni deputat bildirib.

Erməni müxalifət nümayəndəsi xatırladıb ki, hökumət minimum əməkhaqqını 85.000 drama qədər artırmağı planlaşdırmışdı, lakin hazırda bu göstərici həmin rəqəmdən 10.000 dram azdır.

“Əslində, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün bu məbləğ 95.000 dram olmalıdır”, - deyə Avetisyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avetisyan  


Bizi "telegram"da izləyin