Ordu.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vahaqn Xaçaturyan Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində “Sizin hökumətiniz “TRIPP yolu” (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində Ermənistanı regional energetika və tranzit qovşağına çevirməyi strateji məqsəd kimi qarşıya qoyub. Bu, Ermənistanın regiondakı roluna necə təsir edəcək?” sualına cavab verərkən deyib.
“2024-cü ildə “Global Gateway” beynəlxalq sammitində mən Ermənistanın bu prosesə cəlb olunması məsələsini açıq şəkildə qaldırdım. Avropa İttifaqı rəhbərliyi bunu dəstəklədi. Xüsusilə Ursula fon der Lyayen qeyd etdi ki, Ermənistan bura daxil edilməlidir. Bu, bizim üçün real imkandır.
Ermənistanın böyük potensialı var. Bizim yaşıl enerji artıqlığımız var və bunun səmərəli istifadə yollarını axtarırıq. Günəş enerjisi gücləri demək olar ki, on dəfə artaraq enerji balansımızın 16%-ni təşkil edib və 2030-cu il üçün nəzərdə tutulan hədəfə daha erkən nail olunub.
Hökumətin siyasəti o qədər cəlbedici idi ki, özəl sektor çox tez reaksiya verdi və fəallaşdı. Lakin bu gün biz praktiki bir problemlə üzləşirik: yay aylarında böyük miqdarda günəş enerjisi istehsal edirik, lakin kifayət qədər anbarlama imkanlarımız yoxdur. Ondan tam səmərəli istifadə etmək üçün istilik elektrik stansiyalarının fəaliyyətini məhdudlaşdırmaq lazım gələcək. Bununla belə, bu, həlli mümkün olan bir problemdir”, - deyə o qeyd edib.
Xaçaturyan “Baş nazir Nikol Paşinyanın vətənpərvərlik və tarixi yaddaşın “tarixi Ermənistan” ideyasından ayrıldığı “Real Ermənistan” konsepsiyasına əsaslanaraq, müasir erməni kimliyini necə müəyyən edirsiniz və ölkənizin əsas prioritetləri nələrdir?” sualına belə cavab verib:
“Bu məsələni qismən Yunanıstan Respublikasının prezidenti ilə də müzakirə etmişəm. Elə qruplar var ki, onlar üçün əsas istinad nöqtəsi tarixi yaddaşdır. Yaddaş vacibdir, o unudulmur və heç kim onu unutdurmağa məcbur edə bilməz. Lakin real həyatın öz tələbləri var. Tarixi yaddaş ölkələrimizin inkişafına və rifaha can atmasına mane olmamalıdır. Məsələ balansdadır.
Günahkar axtarmaq və ya xəyanətlərdən danışmaq mənasızdır. Hər bir vətəndaş öz ölkəsinin vətənpərvəridir. Şəxsən mən özümə stereotip mülahizələrlə hərəkət etməyə icazə vermirəm. Müxtəlif baxış bucaqları və vəziyyətin müxtəlif qiymətləndirmələri var. Vacib olan siyasi məsuliyyətdir. Səkkiz-doqquz ay əvvəl çox az adam inanırdı ki, biz Azərbaycanla sülh prosesinə başlaya bilərik, lakin beynəlxalq dəstəklə biz irəli getməyə nail olduq”.
O, “2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında 17 maddədən ibarət sülh sazişi paraflanmışdı ki, bu da daxili reaksiyalara səbəb olmuşdu. Bu gün regional proseslər necə formalaşır?” sualına cavab verərək deyib:
“Bu gün regionda uzunmüddətli sülh üçün real və görünən imkan var. Artıq bir ildən çoxdur ki, sərhədlərdə atışma yoxdur. Bunun əvəzinə ticarət mübadiləsi, Bakıda və İrəvanda vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri başlayıb.
Bu yaxınlarda Azərbaycan nümayəndə heyəti sərhədi artıq delimitasiya olunmuş hissədən keçərək böyük bir tədbirdə iştirak etdi. Bu cür təşəbbüslər, o cümlədən Avropa ölkələrinin və gənclərin iştirakı ilə həyata keçirilən layihələr sakit və problemsiz reallaşdırılıb. Bunlar nəzərəçarpacaq tərəqqinin əlamətləridir.
Lakin bu o demək deyil ki, arxayınlaşmalıyıq. Daxildə bədbin səslər və ölkənin gələcəyi ilə bağlı müxtəlif yanaşmalar da mövcuddur. Əsas odur ki, hər şey açıq və şəffaf şəkildə həyata keçirilir. Gizlilik yoxdur. Müxtəlif fikirlər var, lakin proseslər şəffafdır.
Yanvarın 14-də Ermənistanın xarici işlər naziri və onun amerikalı həmkarı “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsinin Ermənistan-ABŞ icrası üzrə çərçivə sənədini imzaladılar. Eyni ayda biz 50 milyard dram dəyərində dövlət istiqrazları buraxdıq. Tələb üçqat çox idi və 150 milyard drama çatdı. Yekun faiz dərəcəsi 8,06% təşkil etdi. Nəticə aydındır: iqtisadi strategiyaya olan inam birbaşa siyasi sabitlik və hökumətə olan etimadla bağlıdır”.
Alpər Mövludoğlu
Ordu.az